Sentyabrın 21-də Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı Səfirliyi, ölkəmizin Zalsburqdakı fəxri konsulluğu və  Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları, Avstriyada yaşayan soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açaraq iki ölkə arasındakı əlaqələrdən, Avstriyada həmvətənlərimizin fəaliyyətindən bəhs edib. Bildirib ki, diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri də yerli ictimaiyyətə Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Səfir ikitərəfli mədəni əlaqələrin inkişafında Vyanadakı  Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdir edərək Zalsburqda açılan  Azərbaycan Evinin bu prosesə təkan verəcəyinə ümidvar olduğunu deyib.

Ölkəmizin  Zalsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu Mixael Haynritsi çıxışında Avstriyanın qeyri-rəsmi paytaxtı statusunu daşıyan Zalsburq şəhərində Azərbaycan Evinin açılmasından məmnunluq ifadə edib. Bildirib ki, bu məkanda diaspor üzvlərinin sıx toplaşması ilə yanaşı, müxtəlif mədəni tədbirlərin təşkili və həftəsonu məktəbinin fəaliyyət göstərməsi mümkün olacaq.

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdə yaradılan Azərbaycan evləri və onların fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, Azərbaycan evlərinin uğurlu fəaliyyətini təşkil etmək mümkün olub və onların sıraları genişlənib. Zalsburq şəhərində açılan Azərbaycan Evinin sayca 15-ci belə bir mərkəz olduğunu diqqətə çatdıran F.Muradov 2024-cü ilədək bu sayın 26-ya çatdırılmasının nəzərdə tutulduğunu deyib.

Komitə sədri 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə xaricdəki koordinasiya şuralarının və Azərbaycan evlərinin işini təqdir edərək bildirib ki, artıq həmvətənlərimizin diaspor fəaliyyətində yeni bir mərhələ başlayıb və qarşıda böyük hədəflər durur. Müxtəlif  ölkələrdəki Azərbaycan evləri icma üzvlərinin bir araya gəlməsi, öz fəaliyyətlərini səmərəli şəkildə vahid mərkəzdən təşkili üçün məkan rolu oynayacaq.

Tədbirdə diaspor nümayəndələrinin Şuşa səfərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov təşkilatın fəaliyyəti barədə təqdimat edib.

Mərasimin bədii hissəsində Əməkdar artistlər – tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov konsert proqramı ilə çıxış ediblər. Proqramda xalq mahnıları, rəqslər və muğam kompozisiyası təqdim olunub.

Qeyd edək ki, dahi bəstəkar Volfqanq Amadey Motsartın doğulub boya-başa çatdığı Zalsburq təkcə Avstriyanın deyil, ümumilikdə Avropanın musiqi beşiyi və mədəniyyət mərkəzlərindən biridir. Hər il milyonlarla turistin üz tutduğu bu şəhərdə Azərbaycan Evinin yaradılması mədəniyyətimizin təbliği üçün də əlavə zəmindir.