Rejissorumuzun filmi Batumidə nümayiş olunub
Xəbər verdiyimiz kimi, Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə XVI Beynəlxalq Müəllif Filmləri Festivalı (BİAFF 2021) keçirilir. Festivalda 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı film nümayiş etdirilir.
Azərbaycanın Batumidəki Baş Konsulluğundan bildiriblər ki, sentyabrın 23-də festivalda gənc rejissor Azər Quliyevin “Təngnəfəs” bədii filmi nümayiş olunub. Müəllif pandemiya səbəbindən filmin nümayişində iştirak etməyib.
2021-ci ildə istehsal olunan və xronometrajı 15 dəqiqə olan filmin ssenari müəllifi Azər Quliyevdir. Rolları Şala Alıqızı, Azər Aydəmir və Nicat Kazımov ifa edirlər. Film maraqla qarşılanıb.
Sentyabrın 24-də başa çatan festival Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi Meriyası, Milli Kino Mərkəzi, Acarıstanın Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə reallaşıb.