Xəbər verdiyimiz kimi, 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək.

Sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək, ziyarətçiləri yerli və xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

“Baku International Book Fair 2021” Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – “bp” şirkəti, baş TV tərəfdaşı – İctimai Televiziyasıdır, təşkilati dəstəyi “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

Sərginin təşkilatçısı tərəfindən iştirakçıları 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar təmin ediləcək.

Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək.

“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, bookfair@ceo.az.