Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi elan edilib. Bu il ilk dəfə qeyd olunacaq Anım Günündə bir sıra tədbirlər nəzərdə tutulub.

Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günü saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Şəhidlərimiz ölkədə fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də anım tədbirləri təşkil ediləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.