“Zəfər dərsləri” elmi həftəsi

 

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Memarlıq və İncəsənət İnstitutunda keçirilib. Onlayn formatda təşkil olunan “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” adlı beynəlxalq konfransa Türkiyə, İran, Qırğızıstan və Yaponiyadan elm adamları qatılıb.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması uğrunda aparılan Vətən müharibəsinin birinci ildönümünə həsr edilən “Zəfər dərsləri” elmi həftəsi barədə məlumat verib.

Azərbaycan Memarlar İttifaqının sədri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, professor Elbay Qasımzadə və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Qarabağda erməni qəsbkarları tərəfindən məhv edilmiş memarlıq abidələrindən söz açıblar.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Şuşa memarlığında şəbəkə sənəti” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda “Azərbaycan təsviri sənətində Qarabağ mövzusu”, “Şuşa şəhərində Müqəddəs Vəftizçi İohan kilsəsinin bərpası”, “Müharibələrin mədəniyyət üzərində təsiri”, “Hərbi vaxtın folkloru haqqında düşüncələr” və digər mövzularda məruzələr təqdim olunub.