Bakı Xoreoqrafiya Akademiyasında (BXA) təqaüd yaşı həddi ilə bağlı işdən ayrılan müəllimlərin və yubilyar əməkdaşların əməyinin dəyərləndirilməsinə həsr edilmiş tədbir keçirilib.

BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli tədbiri açaraq ömrünün böyük hissəsini tələbə və şagirdlərin təlim-tərbiyəsinə, elmin inkişafına, gənc nəslin maariflənməsinə həsr etmiş və təqaüd yaşına çatmış müəllimlərin xidmətlərindən danışıb, onların hər birinə uzun ömür, cansağlığı arzulayıb.

BXA-nın tam orta məktəbin direktoru Bəşarət Hüseynova pedaqoji fəaliyyətləri dövründə təhsil müəssisəsi kollektivinin hörmətini, tələbə və şagirdlərin sevgisini qazanmış, gənc nəslə öz nümunəvi hərəkət və davranışları ilə örnək olan müəllimlərin hər biri haqqında söhbət açaraq xoş sözlərini bildirib.

Təhsil sahəsində xidmətlərinə görə Zemfira Rüstəmova, Rəqiyyə Əliyeva, Canetta Kazımzadə və Qəmayıl Şərifova təşəkkürnamə ilə təltif ediliblər.

Daha sonra akademiyada çalışdığı illər ərzində peşəkarlıq nümayiş etdirən müəllim və əməkdaşlar – Süsən Əkbərova, Leyli Kərimova, Sevda Şirinova, Cəmilə Kərimova, Laura Gözəlova, Fəzilə Məmmədova, Tamara Qasımova və Fəridə Mikayılzadəyə yubileyləri münasibətilə hədiyyələr, həmçinin təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.