Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.

Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük iradə və əzm göstərərək, bir yumruq olub düşmənə sarsıdıcı zərbələr endirdi. 44 gün ərzində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən üzərində parlaq Qələbə qazandıq. Minlərlə Vətən övladı canını və qanını əsirgəməyərək xalqımızın otuzillik yurd nisgilinə son qoydu.

Ölkə başçısının “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Vətən müharibəsi qəhrəmanları unudulmur” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilir.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Veten_muharibesi_qehremanlari_unudulmur/index.htm