18–24 sentyabr tarixində keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı zəngin proqramı ilə pandemiya məhdudiyyətləri şəraitində mədəni həyatımızda, sözün gerçək mənasında, hadisəyə çevrildi.

Festival çərçivəsində daha bir yaddaqalan musiqi axşamı sentyabrın 23-də Kamera və Orqan Musiqisi Zalında gerçəkləşdi. “Üzeyir sənətinin gənclik sədaları” silsiləsindən vokal musiqisinə qonaq olduq. Rəngarəng proqramlı konsertdə beynəlxalq müsabiqələr laureatları, istedadlı gənc vokalçıların ifalarını dinləyə bildik.

Bu dəfə səhnə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Solo oxuma və opera hazırlığı fakültəsinin tələbələrinə (pedaqoq – Əməkdar artist, tanınmış kontratenor İlham Nəzərov) verilmişdi. Tələbələr mürəkkəb ariyaların öhdəsindən bacarıqla gəldilər.

Respublika və beynəlxalq müsabiqələrin laureatı Sübhan Rüstəmov, beynəlxalq müsabiqələr laureatları Tofiq Zeynalov, Günel Binnətli, Adelin Öztürk, Kənan Rəhmanzadə dünya klassiklərinin populyar opera və operettalarından parçaları səsləndirdilər.

Proqramda milli bəstəkarlıq məktəbi nümunələrinə də yer verilmişdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, həmçinin Vəli və Tellinin dueti, bəstəkarın “Sevgili canan” romansı musiqili gecəyə xüsusi rəng qatdı.

Tofiq Quliyevin “Lirik mahnı”sının ardınca konsert proqramına Müslüm Maqomayevin “Baharlı yurdum, Azərbaycan” mahnısı ilə yekun vuruldu.

İstedadlı vokalçı və pedaqoq İlham Nəzərovun tərtib etdiyi konsert (konsertmeyster-İlahə İsmayılova) klassik musiqi həvəskarları tərəfindən alqışlarla qarşılandı.

HƏMİDƏ