Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı sentyabrın 23-də Bakı Kitab Mərkəzində təqdim olunub.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, bu vaxtadək Qarabağ haqqında çoxlu sayda əsər yazılıb, saysız-hesabsız kitab nəşr olunub: “Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra Qarabağ haqqında yeni-yeni əsərlər yazılacaq”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi. Kitab barədə danışan yazıçı deyib: “Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. Ən əsası bu yazılar böyük Qələbədən sonra yazılıb. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma belə olmadı, qələbə ruhlu bir əsərə çevrildi”.

Milli Məclisin deputatı Jalə Əliyeva kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.

Xalq yazıçısı Elçin qeyd edib ki, Vətən müharibəsində Qələbə tək həqiqətin sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi idi. O, işğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın böyük Zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsi olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bildirib ki, Qarabağ haqqında yazılan kitab onun üçün ikiqat müqəddəsdir. Vurğulayıb ki, Vətən uğrunda aparılan mücadilə həmişə qələbə ilə başa çatır.

Xalq yazıçısı Çingiz Abdullayev kitabdakı yazılarda Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz duyğuların, müəlliflərin şirinli-acılı xatirələrinin əksini tapdığını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sentyabrın 27-də Qarabağda canlarından keçmiş şəhidlərim əziz xatirəsi ehtiramla yad olunacaq. Ötən il müharibə başlayanda hamımız səksəkəli günlər yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl azad olunanda Prezident İlham Əliyevin çıxışı bizi çox sevindirdi və bu xəbər bizi qələbəyə köklədi.

Kitabla bağlı fikirlərini bölüşən Rəşad Məcid deyib ki, Xalq yazıçısı Anarın müraciətindən sonra Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan yazıb. Sonradan digər yazıçılar da bu ideyanın işığına toplaşıb.

“Təhsil” nəşriyyatında çap edilən kitabın ideya müəllifi AYB-nin sədri, Xalq yazıçısı Anar, ön söz müəllifi və redaktoru AYB-nin sədr müavini Rəşad Məciddir. Kitabın üz qabığında Xalq rəssamı Sakit Məmmədovun “Cıdır düzündə Azərbaycan bayrağı” əsərinin reproduksiyası verilib.