“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı fotosərgi açılıb.

2020-ci ilin Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı Zəfər salnaməsinə və illərin həsrətindən sonra doğma sakinlərini qəbul edəcək yurd yerlərimizə həsr edilən sərgidə 92 foto nümayiş olunur.

Əsasən Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunan fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, o cümlədən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri əks olunub. . Bu mənada sərgi doğma el-oba həsrəti ilə yaşamış həmvətənlərimizin xatirələrini canlandıraraq onları keçmişə bir səyahətə dəvət edir.

Sərgidə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və onun rəhbərliyi ilə həyata keçirilən mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.

“Bakı Metropoliteni” QSC-dən bildiriblər ki, azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq.