Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il tarixi həm də bizim böyük Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmriylə əks-hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa etdiyi müraciətin hər bir fikri bir şüara, epitetə çevrilərək uşaqlardan tutmuş böyüklərə qədər hər kəsin dilinin əzbəri olmuşdu. Açıqca görürdük ki, Prezidentimizdən və Qələbəyə susamış xalqdan ilham alan Ordumuz düşməni iti qovan kimi qovur.

44 gün çəkən müharibə zamanı Ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur elədi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər əzəli düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Bəli, Azərbaycan Ordusu 30 il yuxularımızın, xəyallarımızın fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün Ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyimizi də düşməndən geri aldı. Bu döyüşdə Ordumuzun göstərdiyi qəhrəmanlıq, əsgərlərimizin cəngavərliyi əsl nağılların, dastanların, filmlərin süjetlərini bizə xatırlatdı.

30 illik zaman bizim xalq olaraq dözümümüzü, səbrimizi, Ali Baş Komandanımızın isə düşünülmüş, sistematik, planlı çalışmalarını və uğurlu diplomatiyasının əsl güzgüsü oldu. Həmin 30 ildə özlərini “sülh və ədalət təminatçıları” adlandıran böyük dövlətlərin, beynəlxalq təşkilatlarının kağız üzərində qalan “qərarları” öz sənədlərinə və “mötəbər” adlarına göstərdikləri etinasızlıq, Ermənistanın hər gün daha çox silahlanmasına, dolayısı ilə terrorçuların Qarabağda daha münbit şəraitdə hərəkət etmələrinə gətirib çıxardı. Bütün bunlara baxmayaraq, bu 30 illik təcavüz bizim milli birliyimizi, milli şüurumuzu, təəssübkeşliyimizi, məqsədyönlüyümüzü daha da möhkəmləndirdi. Səhvlərimizdən nəticə çıxartmağı öyrətdi. Qarabağ ətrafında iqtidarlı-müxalifətli birləşməyin labüdlüyünü nümayiş etdirdi. Biz beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun bu uzun illər ərzində həll etmədiyi problemi 44 günə həll etdik! Beləliklə də, sentyabr ayının 27-də başlanan Böyük Vətən müharibəmiz müqəddəs Zəfərlə başa çatdı və hər kəs gördü ki, əzəli torpaqlarını terrorçuların əlində qalmasına razı olmayan Azərbaycan xalqı nələrə qadirdir!

Bu Zəfərin qazanılmasında birbaşa iştirakçı olan fədailərlə yanaşı, arxa cəbhədə hesab olunan, lakin ön cəbhədən geri qalmayan fədakarlıq nümayiş etdirən, milli birliyini əməlləri ilə ifadə edən böyük bir Xalq var idi! Böyüklü-kiçikli hər kəsin cəbhə üçün çalışması, Ordunu yüksək əhval-ruhiyyədə saxlamaq, ona öz dəstəyini nümayiş etdirmək, Qələbədə öz-şəxsi töhfəsini vermək çabası sanki bir yarış halına gəlmişdi. Dəfələrlə Ordunun ehtiyacı olan hər şeyin dövlət tərəfindən təmin olunmasını təkrar edən Müdafiə Nazirliyinin bəyanatlarına baxmayaraq, sosial şəbəkələrdə əsgərlərə su, siqaret, corab, şirniyyat, isti paltar, bayraq toplayan kim, ön cəbhəyə şəxsi avtomobilləri ilə yardımları çatdıran kim, səngər düzəltmək üçün təkər yığanlar kim və sair və ilaxır... Bu siyahını uzatmaq da olar.

Xalqın canfəşanlığını görən Mərkəzi Bank "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu"na ianələrin asan yönləndirilməsi məqsədilə xüsusi proqram hazırladı. Dövlət idarələri, özəl təşkilatlar buraya öz müəssisələri adından yardımlar köçürtdülər. AMEA və Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi də bu fonda öz töhfəsini verməklə qalmadı. Tarix Muzeyi “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini qurmaq üçün bütün kollektivi ilə qısa müddətdə toplama işinə başladı. Bu sərgidə Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları da nümayiş olunub. Mayın 19-da Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi açıldı. Bu sərginin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük Vətən müharibəsi dövründə mənfur düşmənin Azərbaycanın şəhər və kəndlərinə raket-artilleriya zərbələrinə dair onlarla eksponat, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş vandalizm siyasətini nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 fotoşəkil nümayiş olundu.

Muzeyin Vətən müharibəsinə həsr olunmuş işləri bununla bitmədi. İlboyu məktəblilər üçün bu mövzu ilə bağlı onlayn layihələr, viktorinalar, müsabiqələr təşkil edildi. Həmçinin “Zəfər müharibəsinin ildönümünə həsr olunmuş esse” layihəsinə başlanıldı. Cəbhəyanı bölgələrdə yaşayan məktəblilərin təəssüratlarını, xatirələrini esse şəklində almaq üçün bu ərazilərin Tarix-diyarşünaslıq muzeyləri, təhsil şöbələri, gənclər evi ilə sıx əməkdaşlıq əlaqələri yaradıldı. Nəticədə müharibəni gözləri ilə görüb, onun dəhşətlərini yaşayan uşaqların öz hisslərini muzey və KİV vasitəsilə arxa cəbhədə yaşayan soydaşları ilə bölüşmək şansı yarandı.

Uşaqlar müharibəni müxtəlif yaşlarda qarşıladılar. Kimisi körpə ikən, kimisi yeniyetmə dövründə, bəziləri də erkən gənclik çağında. Müharibə onları böyük şəhər və kiçik kəndlərdə, öz ev və ya nənələrinin yanında, ön və arxa cəbhədə tutdu. Onun bütün acıları, qorxu və həyəcanları uşaq səmimiyyəti ilə ağ vərəqlərə həkk olunmaqla Zəfərə gedən yolda nə qədər qurbanlar, nə qədər fədakarlıqlar verildiyini gələcək nəsillərə açıq şəkildə nümayiş etdirir. Esse layihəsində 6 cəbhə boyu rayonun (Ağdam, Bərdə, Beyləqan, Füzuli, Tərtər və Gəncə) Tarix-diyarşünaslıq muzeylərinin direktorları, məktəb və sinif rəhbərləri, tarix müəllimləri və çox sayda şagird iştirak etmişdi.

https://www.humanium.org/en/children-in-war/ saytında yazılır: “Müharibələrin böyüklərə də təsir etməsinə baxmayaraq, uşaqlar, təəssüf ki, çox tez-tez ailələrinə qarşı törədilən dəhşətlərin birbaşa, lakin, silahsız qurbanı olurlar. Onlar dərin emosional travmaya məruz qalırlar. Bu mənəvi yaraların şəfası çətindir və onların gələcək həyatları üçün ciddi nəticələri olur. Sülh və etimad şəraitində böyüməyən, lap erkən yaşlarından qəddarlıqla üzləşən bu uşaqlar, yaşadıqları dəhşətlərin təsirindən tez-tez əmin olurlar ki, zorakılıq hər hansı mübahisənin həlli üçün də eyni üsuldur. Buna görə də onlara sülh və beynəlxalq təhlükəsizlik mesajını gələcək nəsillərə çatdırmaq çətindir”.

Mənim fikrimcə, bu nə qədər çətin olsa da, mümkünsüz deyil! Oxuduğum məktublar bir daha sübut etdi ki, Azərbaycan türkünün fitrətində sevgi, tolerantlıq, xeyirxahlıq, ədalətin bərqərar olunmasına dönməz inam sonuna kimi özünü qoruyub saxlayıb. Bunun nəticəsi olaraq Xalq Dövlətin işğaldan azad olunmuş torpaqlara yenidən qayıtmağı, əraziləri bərpa edib çiçəkləndirməklə bağlı proqramına nəinki uzaqdan tamaşa etmir, yaxından iştirak etmək üçün bütün gücünü səfərbərliyə almağa da hazırdır! Bunu esselərdə paylaşılan məsum uşaq təəssüratları da sübut edir. Onlardan bir neçə fikri burada oxucularla paylaşmaq istərdim. Gənc həyatında bir neçə dəfə ermənilərin vəhşiliyi ilə üzləşən Gəncə şəhər 13 saylı tam orta məktəbin tarix müəllimi Hacıyeva Vəfa Xasay qızının xatirələrindən: “Mən əslən Qərbi Azərbaycan torpağında, Göyçə mahalının Zod kəndində anadan olmuşam. Bizim kəndimizdə Zod qızıl mədəni yerləşirdi. Bütün kənd kişilərinin 70 faizi orada işləyirdi. Göyçə mahalının Basarkeçər rayonunun 32 kəndinin də taleyi belə idi. Erməni vəhşiliyi mənə həmişə acı həqiqətlər gətirib. Öz yaddaşımda olan ən acı xatirələrimi paylaşacam. Mən 8-ci sinifdə oxuyurdum. Kəndimizdə artıq böyük xaos yaranmışdı. Ermənilər kənd rəhbərliyindən tələb etmişdi ki, azəri türkləri öz evlərini tərk etsinlər... Qarlı boranlı bir sabah atam məni və bacımı dayımla Azərbaycana yola saldı. O səhər kaş açılmayaydı... İndi də göz yaşlarımla yazıram... Çünki mən sonuncu dəfə idi ki, nənəmlə vidalaşıb, evimizdən ayrılırdım. Nənəmin hönkürtü ilə ağlamağı hələ də gözümün qabağındadır. Çünki o zaman mən müharibənin nə demək olduğunu bilmirdim, başa düşmürdüm. Nənəm isə öz həyat yoldaşını, yəni babam Hacıyev Qoşunu 1941-1945-ci illərdə müharibəsinə yola salmış, iki balası ilə tək qalmışdı. Nənəm ağladıqca hönkürtüsü kəndi bürüyürdü.

Biz Azərbaycana yol alanda Kəlbəcər istiqamətdən Ağdərə rayonuna gəldik. Maşınların hamısı yük daşıyırdı. Ancaq dayımın sarı “Moskviç”i yükdaşıyan maşınların arasında hərəkət edirdi. Birdən dayım daşa düşdü ki, biz azıb, ermənilər yaşayan kəndə gəlmişik. Belə ki, öndəki yükdaşıyan maşın yolunu azmışdı. Ermənilər əllərində avtomat, yaba, bel və uzun dəmirlərlə yolu kəsmişdilər. Onlar bizim arxamızca maşınlara hücum etdilər. Xoşbəxtlikdən yaxınlıqda əsgər postu var idi. Bizimkilər maşınlarını tez ora sürdülər. Beləliklə, biz o qorxulu erməni terrorçularından qurtulduq. Buna baxmayaraq, dayım yenə də yolda ağlayırdı. O deyirdi ki, əgər erməni dığaları bizi ələ keçirsəydi... Ölümə nə var ki? Körpə qız uşaqlarını dəhşət gözləyirdi... İnanın, mən yenə də dayımın nə demək istədiyini başa düşmürdüm. Beləliklə, biz Gəncəyə gəldik. Mən elə bilirdim bizim gəlişimizlə hər şey, bütün zülmlər tamamlandı, arxada qaldı. Ancaq ən böyük faciələrə Azərbaycanda yaşadığımız günlərdə rast gəldik. Birinci Qarabağ müharibəsində Göyçə mahalının Zod kəndindən gələn cavanlarımız şəhid oldu. Mənim sinif yoldaşım Qurbanı ermənilər müharibədə doğramışdılar. Əmim oğlu Hacıyev Etibar Azərbaycan birinci Milli Qəhrəmanı oldu. Çaykənd döyüşlərində tikə-tikə doğranmış və şəhidlik zirvəsinə ucalmışdı. Nənəm Azərbaycana gələn kimi, yaşadıqlarına dözməyib dünyasını dəyişdi. Mən nənəmi son dəfə kəndimizdən çıxanda görmüşdüm. Azərbaycanda biz bir-birimizdən ayrı düşmüş, hərə bir yerdə yaşayırdı. İkinci Vətən müharibəsinə yenə əmim oğlu getdi. Kəlbəcər, Cəbrayıl, Füzuli və Qubadlının azad edilməsində iştirak etdi.

İnanırsınız, Gəncəyə atılan raketlərin hamısı evimizin yanına düşdü. Şagirdim Tunar raket zərbəsinin qurbanı oldu. Onun şəkli indi də məktəbimizin foyesində saxlanılır. Raketlər bir-birinin ardınca düşdükcə yer-göy silkələnirdi. Qızımın qışqırtısı evi bürüyürdü. Onun ağarmış sifəti hələ də gözümün önündən getmir. Qardaşım qızının çənəsini əlim ilə tuturdum. Uşağın çənəsini əsmədən saxlamaq olmurdu. Hərbi polis idarəsinin yanında oluruq... Ona görə ən çox bizə tərəf atırdılar. Qonşularla birlikdə əsgərlərə yemək bişirib aparırdıq. Ancaq şəhərə çıxmağa polislər icazə vermirdilər. Hamıya deyilirdi ki, evlərdə dərin zirzəmidə saxlanın. Gözümlə fövqəladə hallar idarəsinə havadan düşən raketi gördüm. Qara rəngli, ucu isə ağarırdı. Şəhərin mərkəzinə atırdılar. Hər yer alovun içində idi. Ancaq kimin qohumu, oğlu, qardaşı müharibədə idi, o adamlar qorxmurdu. Hər dəfə Ordumuz tərəfindən rayonlarımız geri alındıqca Gəncə hədəfə alınırdı. Heç yadımdan çıxmaz, mağazaya getmişdim. Qayıdanda hərbi polisin qabağından keçirdim, göydən səs gəldi. Əsgərlərimiz mənim yanıma gəldilər, biri mənim ağır zənbilimi, digəri çörəyimi götürdü. Mənə kömək etdilər. Onlar mənə tapşırdılar ki, çölə çıxmayın. Nə lazım olsa, deyin biz alaq. Belə xalq heç vaxt məğlub olmaz! Bizim əsgərlər həm düşmənləri məhv edir, həm də şəhərdə bizlərə kömək edirdi. Qanvermə məntəqəsinə getmişdim. Şagirdlərimin hamısı orada idi. Könüllü qan vermək üçün gəlmişdilər. Sual verdim, uşaqlar, sizi kim göndərib? Hamısı özümüz deyə səsləndilər... O gecələrdən biri daha dəhşətli idi. 17 oktyabr gecəsi. Mən ömrümdə bu qədər dəhşətli hadisə görməmişdim. Hər yer yanırdı, raket yenə biz tərəfə düşmüşdü. Barıtın iyi, göydə alovlar, insanların qışqırtısı və təcili yardım maşınlarının səsləri.... “Avtozavod” deyilən əraziyə ballistik raketlər atılmışdı. Bütöv bir ərazini yerlə yeksan etmişdilər... Müəllimə yoldaşım indi də yataqxanada qalır. Şəhərimizdə məktəblər, küçələr, evlər hətta mənim də evimin divarı dağılmışdı.

Müharibə yekunlaşdı, şəhərdə bayram günləri yaşadıq. Sanki heç o hadisələr olmamış kimi. Əmim oğlu müharibədən qazi kimi qayıtdı. Şəhid ailələrini ziyarət etdik. Torpaqlarımız qayıtdı, ancaq ürəyimdəki yaralar sağalmadı. O hansı yaradır – nənəmin göz yaşları... Zod kəndinin tam olaraq geriyə alınmaması... Atamın dünyasını dəyişməsi... Kəndimizin cavanlarının çoxunun şəhid olması. Bəli, mən kəndimizdən çıxanda müharibənin nə demək olduğunu bilməsəm də, bu gün artıq müharibə adı gələndə itirdiklərimi yadıma salaraq hüznlənsəm də, sabaha, işıqlı gələcəyə, öz evimizə qayıtmaqla ümidimi itirməmişəm”.

Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına məktəb-liseyin IV sinif şagirdi Mikayıllı Simuzər Məhəmməd qızının ermənilərin Bərdə şəhərinə atdıqları ballistik raketin birinin onların yaşadığı evin həyətinə düşməsi və bundan yaşadığı dəhşət dolu anları oxumaq belə çox sarsıdıcıdır. VII sinif şagirdi Əliyev Fərid Kənan oğlu isə 27 sentyabr gününü belə xatırlayır: “Sentyabrın 27-si pulemyot, güllə səsinə oyandım, çox qorxdum. Kiçik bacım ağlayırdı, atam polis idi, evə gəlmirdi. Nənəm bacıma təskinlik verirdi... Mən nənəmə köməklik göstərirdim, Tərtərdən gələn adamları evlərə yerləşdirirdik... Bərdəyə bir neçə dəfə kasetli raket atdılar. Növbəti dəfə atanda mən küçədə idim, qaça-qaça evə gələndə yıxıldım, ayağım burxuldu. Bir neçə gün o vəziyyətdə qaldım. Hər gün sayaqlayırdım... Allaha yalvarırdım ki, atama-anama heç nə olmasın... Eşitdim ki, Bərdənin kəndində yelləncəkdə yellənən bir qızı vurublar. Çox pis oldum. Uşağın nə günahı vardı axı. Mən də öz dostlarımla velosipedin üzərinə bayrağımızı sancmışdım. Qışqırırdıq ki, Qarabağ Azərbaycandır!”.

Füzuli rayon 1 saylı tam orta məktəbin VII sinif şagirdi Rzazadə Zəhra öz xatirələrində 1992-ci ilin mart ayında ermənilərin şəhəri bombardmanı zamanı dayısı Ağazadə Fərid Asif oğlunun, həmin məktəbin IX sinif şagirdi Rzayeva Aytən isə babası Ağazadə Asif Nəsib oğlunun I Qarabağ müharibəsində şəhid olduqlarını qeyd etmələrinə baxmayaraq, yaxın qohumlar müzəffər Azərbaycan Ordusunun doğma rayonlarını azad etməsini çox böyük fəxr hissi ilə qarşıladıqlarını xüsusi şövq ilə diqqətə çatdırırlar.

Beyləqan rayonu 4 saylı orta məktəbin VIII sinif şagirdi Məmmədova Sədaqət öz essesində qeyd edir ki, “Ötən il oktyabrın 3-ü, axşam saat 19:30 radələrində ermənilər tərəfindən Beyləqan şəhərinə endirilən raket zərbəsi bir neçə ünvana düşüb. Evlər, avtomobillər, obyektlər yararsız hala salındı. Mənim yaşadığım ev də tamamilə yararsız hala düşmüşdü. Bu dəhşətli görüntü mənim yaddaşımdan silinməyəcək. Nə qədər qorxu hissi keçirtsək də, qalib Ordumuzun irəliləməsi, Ali Baş Komandanımızın bizə sevindirici xəbərlər verməsi bizi daha da ruhlandırdı”.

Tərtər rayon 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Hüseynov Fərid: “2020-ci ilin 27 sentyabr tarixində sabahı mərmi səsləri ilə açdım. Bu nə qədər dəhşətli olsa da, bizə təsir etmədi. Bunun səbəbi isə, Qələbəyə inancımız idi. Qələbəyə inancımız qarşısında bu səslər heç nə idi. Torpaqlarımızın işğaldan azad olunma xəbəri aldığımda isə çox sevinc və qürur hissi yaşadım. 44 günlük müharibə ərzində mən bu cümləni eşitmək istəyirdim. Bütün torpaqlarımız işğaldan azad oldu! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Bu xatirələrin qarşısında heç bir şərh vermədən yazıçı Aqil Abbasın “Dolu” əsərindəki bu fikirləri qeyd etmək istərdim: “Bu uşaqlar nə tez qocaldılar. Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına, sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da. Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular”.

Ləman MUSAYEVA
Milli Azərbaycan Tarixi Muzeyi
Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi