Vətən müharibəsini işıqlandıran jurnalistlərə “TÜRKSOY Media Mükafatı” verilib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY ənənəvi olaraq hər il media mənsublarına mükafatlar təqdim edir. Təşkilat 2020-ci il üzrə mükafatın təqdimatını Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edib. Azərbaycanın haqq işinə dəstək verən – ərazi bütövlüyümüzü bərpa etmək uğrunda savaşda yaşanan olayları obyektiv şəkildə işıqlandıran və dünyaya çatdıran müxtəlif ölkələrin KİV təmsilçiləri “TÜRKSOY Media Mükafatı”na layiq görülüblər.

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı”nın təqdimat mərasimi keçirildi.

Mərasimdə öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Ermənistanın mina terrorunun qurbanları – bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş apararkən minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovdan bəhs edən film nümayiş etdirildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq dedi ki, Azərbaycan xalqı bu günü otuz ildir gözləyirdi.

“Bu illər ərzində insanların öz yurd-yuvasından qovulması, Xocalı qətliamı, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, tarixi və mədəni abidələrimizin dağıdılması bizi sarsıdırdı. Bütün bu ədalətsizliyə dünya səssiz qalırdı. Azərbaycan xalqı bununla barışmadı və özü ədaləti bərpa etdi. Dövlət başçımıza və rəşadətli Ordumuza təşəkkür edirik ki, bizi bu döyüşdən alnıaçıq, üzüağ çıxardılar. Bu, Azərbaycan üçün bir şərəf məsələsi idi. Bu haqq savaşına təkcə Ordumuz deyil, ürəyi Azərbaycanla döyünən Türk dünyası da töhfə verdi. Biz bütün sahələrdə olduğu kimi, bu dəstəyi informasiya savaşında da hiss etdik. Fürsətdən istifadə edib bütün Türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm”, – deyə Anar Kərimov bildirdi.

Nazir 2020-ci il üzrə “TÜRKSOY Media Mükafatı”nın Qarabağ savaşına həsr edilməsinə görə təşkilatın Baş katibi Düsen Kaseinova minnətdarlığını bildirdi. Müxtəlif ölkələrdən media mənsublarının Azərbaycanın haqq mübarizəsinə verdikləri dəstəyi yüksək qiymətləndirən Anar Kərimov TÜRKSOY-un mükafatına layiq görülənlər arasında dünya şöhrətli fotoreportyor, soydaşımız Rza Diqqəti və türkiyəli telejurnalist Fulya Öztürkün olduğunu da vurğuladı. Qeyd etdi ki, R.Diqqəti Birinci Qarabağ savaşında da Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında böyük əmək sərf etmişdi. “İnanıram ki, Qarabağdakı yeni quruculuq işində də siz media nümayəndələri bizim yanımızda olacaqsınız. Azərbaycan və Türk dünyası regiona və dünyaya hər zaman sülh mesajı verir, beynəlxalq hüququ müdafiə edir. Bölgənin yenidən inkişafa qədəm qoyması üçün biz nazirlik olaraq “Mədəniyyət naminə sülh” kampaniyasına başlamışıq. İnanıram ki, bu layihə sizlər tərəfindən işıqlandırılaraq dünyaya yayılacaq. Bir daha sizin hamınıza təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”, – deyə nazir bildirdi.

Sonra TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxış etdi. Baş katib Düsen Kaseinovun mərasim iştirakçılarına salamlarını çatdıran Bilal Çakıcı vurğuladı ki, türk xalqlarının tarixi zəfərlərlə doludur. 2020-ci ildə Azərbaycan bu tarix salnaməsinə Vətən müharibəsindəki şanlı Zəfərini əlavə etdi. “TÜRKSOY-un 2009-cu ildən təsis etdiyi media mükafatı bu il Azərbaycanın Vətən müharibəsini işıqlandıran media nümayəndələrinə təqdim olunur. Vətəni Azərbaycanın Şuşa şəhəri olan xarıbülbül çiçəyini simvolizə edən bu mükafat sizi işlərinizdə daha böyük nailiyyətlərə səsləyir”, – deyə o əlavə etdi.

Daha sonra mükafatlar təqdim olundu.

Nazir Anar Kərimov şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun mükafatlarını qardaşlarına təqdim etdi. M.İbrahimovun qardaşı Əsgər İbrahimov və S.Abışovun qardaşı Şirzad Abışov təltifə görə təşəkkürlərini bildirdilər, qardaşları ilə fəxr etdiklərini dedilər.

Mükafatı alan Rza Diqqəti şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşdü. Dedi ki, müharibənin səssiz qəhrəmanları da olur: “Mən bu mükafatı şəhid ailələrinə həsr edirəm”.

Fulya Öztürk Azərbaycandan gördüyü sevgiyə görə qürur duyduğunu bildirdi, müharibə vaxtı çəkilişlərə öz istəyi ilə gəldiyini diqqətə çatdırdı.

44 günlük Vətən müharibəsində qardaş Türkiyənin bir çox yerlərində Azərbaycana dəstək aksiyaları keçirilmişdi. Azərbaycan bayrağının göndərə çəkildiyi Trabzonun Ortahisar rayonu (ilçə) da bu sırada xüsusi yer tutur. Ortahisar Bələdiyyəsinin başqanı Ahmet Metin Genç səhnəyə dəvət edildi və ona xüsusi mükafat təqdim olundu. A.M.Genç də öz növbəsində nazir Anar Kərimova hədiyyə təqdim etdi.

Daha sonra Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlərə “TÜRKSOY Media Mükafatı” verildi.

Tədbir Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşdı.

L.AZƏRİ