24–27 sentyabr tarixində 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkası keçirilib. Ənənəvi kitab yarmarkasında ölkəmiz də təmsil olunub.

Rusiya paytaxtındakı “Expo Center” Mərkəzi Sərgi Kompleksində keçirilən yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi qurulub.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Mariflinin sözlərinə görə, ölkəmizin stendi yarmarkanın ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Stendimizlə tanış olan Rusiya paytaxtının sakinlərinə və qonaqlarına yeni nəşr edilmiş kitablar təqdim olunub.

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Şairin həyat və yaradıcılığının təbliği sahəsində geniş işlər görülür. Yarmarkada Azərbaycan mədəniyyəti və tarixindən, Qarabağ həqiqətlərindən bəhs edən kitablar, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin nəşrləri yer alıb”, – deyə A.Marifli bildirib.

Yarmarkada 200-dən çox nəşriyyat evi öz məhsullarını təqdim edib. Sərgi çərçivəsində müxtəlif tədbirlər – ustad dərsləri, diskussiyalar, tanınmış yazıçılarla görüşlər keçirilib.