Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirov sentyabrın 26-da, ömrünün 88-ci ilində vəfat etmişdir.

Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Texnikumunun tar sinfində almışdır. Daha sonra  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirərək, 1978-ci ildə bitirmişdir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur.

 A.Bəbirov uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində baş səs rejissoru, habelə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında bəstəkar və səs rejissoru kimi çalışmışdır. Bununla yanaşı,  pedaqoji fəaliyyətlə də məşğul olmuş, bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Musiqi ifaçılığı kafedrasında müəllim işləmişdir.

Ötən əsrin 50-ci illərində yaradıcılığa başlayan Adil Bəbirov müxtəlif musiqi janrlarına müraciət etmişdir. “Yertutanlar” operettası, balet süitası, simfonik poema, piano üçün sonata, bir sıra kamera-instrumental əsərlərin, çoxlu sayda mahnıların müəllifidir.

Bəstəkar teatr və kino musiqisi sahəsində məhsuldar çalışmışdır. S.Vurğunun “İnsan”, B.Vahabzadənin “Yollara izlər düşür”, C.Cabbarlının “Aydın”, V.Şekspirin “Kral Lir” pyeslərinin tamaşalarına, bədii (“Bağçada rahat yer”, “Yurd yeri”), sənədli (“Azərbaycan ipəyi”, “Böyük anda sadiqik”) və cizgi (“Pəncə… Qulaq… Palaz… Tikan”, “Sağ ol, dostum”) filmlərinə musiqilər yazmışdır. O, həmçinin instrumental və vokal əsərlər bəstələmiş, xalq mahnılarını müxtəlif tərkibli ansambllar üçün işləmişdir. Onun “Prelüd-skerso”, “Ekspromt” və digər instrumental əsərləri müxtəlif ifaçılıq təfsirlərində məşhurlaşmış, tədris proqramlarına salınmışdır.

A.Bəbirovun yaradıcılıq irsində mahnı janrı xüsusi əhəmiyyətə malikdir. “Bilirsən özün”, “Görüşə gəl”, “Könlümüz”, “Yaşa Qarabağım”, “Yollar”, “İncitmə məni”, “Oyan”, “Anam gəlini”, “Ana laylası”, “Mən anayam”, “Həyat eşqi”, “Bənövşə” və s. mahnıları tez-tez radio dalğalarında və televiziya ekranlarında səsləndirilərək, dinləyicilərin  böyük rəğbətini qazanmışdır. Bəstəkarın mahnıları bir çox tanınmış müğənnilərin – Şövkət Ələkbərova, İslam Rzayev, Akif İslamzadə, İlhamə Quliyeva, Elxan Əhədzadə, Yaşar Səfərov, Elmira Rəhimova, Brilliant Dadaşova və başqalarının repertuarına daxil olmuşdur.

Son illər A.Bəbirov Kanadaya köçmüşdü. Orada həm pedaqoji fəaliyyətlə, həm də yaradıcılıqla məşğul olmuşdur. Uzun sürən xəstəlikdən sonra Kanadada vəfat etmişdir.

Adil Bəbirovun əziz xatirəsi onu tanıyanların və musiqisevərlərin qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin.