Xalça Muzeyinin direktoru İCOM-un konfransında Ermənistan tərəfindən mədəni irsimizə qarşı törədilən vandalizmdən bəhs edib

 

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşkilatçılığı ilə sentyabrın 27-də builki “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizinə uyğun olaraq beynəlxalq videokonfrans keçirilib.

Konfransın “Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda sessiyasına fəxri qonaq kimi qatılan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Qarabağ nümunəsində müharibə və hərbi toqquşmalar zamanı tarixi və mədəni abidələrin, muzeylərin məhvi” adlı məruzə ilə çıxış edib.

Qeyd olunub ki, hərbi konfliktlər dövründə dünyanın tarixi və mədəni abidələrinin qəsdən dağıdılması beynəlxalq hüquqa açıq hörmətsizlik, UNESCO, Haaqa və Avropa Şurasının müvafiq konvensiyalarına zidd və bəşəriyyətə qarşı törədilən ən böyük vəhşilikdir: “Beynəlxalq qurumların mədəni sərvətlərin məhv edilməsinin qarşısını almaq üçün real təsir mexanizmlərinin olmaması da çox narahatedicidir ki, bu özünü Qarabağ müharibəsi dövründə bariz şəkildə göstərdi”.

Şirin Məlikova 30 illik işğal dövründə Ermənistan tərəfindən Qarabağın mədəni sərvətlərinin ardıcıl şəkildə məhv edildiyini bildirib, dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların, teatrların işğaldan sonra çəkilmiş fotolarını nümayiş etdirib. O, evakuasiya edilə bilmədiyi üçün 22 muzeyə aid minlərlə eksponatın taleyinin naməlum olduğunu, məscidlərin dağıdılması ilə Azərbaycan xalqının dini inanclarının təhqir edildiyini, qədim alban abidələrinin saxtalaşdırıldığını, qanunsuz aparılmış arxeoloji qazıntıları və digər mühüm məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin işğaldan qurtarılmış ərazilərimizdə Azərbaycan dövləti tərəfindən qısa zaman ərzində aparılan bərpa işləri haqqında məlumat verilib, yenidən rekonstruksiya olunmuş tarixi-memarlıq abidələrinin fotoları sessiya iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, İCOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin direktoru Əssam əl-Nəcdinin moderatorluğu ilə gerçəkləşən sessiyada İCOM Ərəb Ölkələri Regional İttifaqının vitse-prezidenti Eç Çerki Dahmalı, İCOM Asiya-Sakit Okean İttifaqı İdarə heyətinin üzvü, İCOM “Ailə forumu”nun yaradıcısı, İVCOM-un təsisçilərindən Məhəmməd Axtər Caved, təşkilatın Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin prezidenti Rəşad Buxaşın salamlama və açılış nitqi olub.

Daha sonra Sivilizasiyalar Qovşağı Muzeyinin yaradıcısı və direktoru Əhməd əl-Mənsuri (Dubay), Saadabad Mədəni və Tarixi Kompleksinin tədqiqatçı eksperti Sara Kəriman, sərgilər və kolleksiyalar üzrə menecer Fərhad əl-Həsəni (Oman, Zübeyir Muzeyi), Acman Memarlıq, İncəsənət və Dizayn Kollecinin dosenti Qamal əl-Samanudinin (BƏƏ) məruzələri dinlənilib.