“Mədəniyyət/Culture” jurnalının 2021-ci il üzrə növbəti sayı (iyul-avqust) ənənəvi olaraq müxtəlif mövzulu yazılarla zəngindir.

“Gözəlliklər şairinin sevinən ruhu” sərlövhəli məqalə 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin 29 ildən sonra yeni həyat qazanmasını əks etdirir.

“Nizami – 880” rubrikasında “Nizami Gəncəvi poeziyasının Şərq qaynaqları”, “Elmdir cövhəri kəhkəşanların”, həmçinin rus dilində “Редкие сюжеты “Хамсе” Низами” adlı məqalələr dərc olunub.

“Türkün Yunus Əmrəsi” yazısı isə 2021-ci ilin Türkiyədə “Yunus Əmrə İli” elan edilməsinə töhfədir.

“Ədəbiyyat” bölümündə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcətlə şairin Təbrizdəki ev-muzeyinə “səyahət” və varislə müsahibə, görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə haqqında və ədəbiyyatımızın sütunlarından biri Abdulla Şaiqdən bəhs edən məqalələr yer alıb.

“Musiqi” bölümü “Barrel Jazz Nights – 2021” silsilə konsertlərinin ritmlərinin sözlə ifadəsidir. “3 Vaqif və Villis Konover” essesi caz mövzusunun orijinal davamıdır. “Teatr” bölümündə oxucular Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabının dilimizə tərcüməsinin davamı ilə tanış ola biləcəklər.

“Kino” bölümü 44 günlük Vətən müharibəsinin sənədli ekran ifadəsi olan 44 dəqiqəlik “BİZ” filminə həsr edilib. Jurnalda həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan (“Mədəniyyətdən əbədiyyətə”) və müharibədən qalib döyüşçü kimi evə dönmüş (“Səhnədən hərb meydanına”) mədəniyyət işçiləri haqqında məlumatlar da oxuculara təqdim edilir.