Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək və möhkəmlənəcək.

Bu fikir Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığında ifadə olunub.

Sentyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.

Türkiyə Prezidenti sentyabrın 27-də “Twitter” hesabından paylaşım edib. “İşğal altındakı Azərbaycan torpaqlarını azadlığa qovuşduran şanlı mübarizənin ildönümü – Anım Günündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm”, – deyə paylaşımda qeyd olunur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Vətən müharibəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib. “Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin ilk addımı bir il əvvəl bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun! Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə anıram”, – deyə o yazıb.