2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, – hətta Ermənistan buna razılıq da verib, – aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın.

Prezident İlham Əliyev bu sözləri Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində deyib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb.

Dövlət başçısı jurnalistin “Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi” sualına cavabında bildirib ki, əlbəttə, bu, şərtdir: “Çünki o, noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir?”.

Prezident qeyd edib ki, Ermənistanda postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər: “Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın”.