“Qarabağ ilmələrdə” layihəsinin təqdimatı keçirilib


Sentyabrın 28-də “Azərxalça” ASC-nin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalında Vətən müharibəsinin ildönümü münasibətilə hazırlanan “Qarabağ ilmələrdə” layihəsinin təqdimatı keçirilib.

Layihə Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

“Azərxalça”nın sədri Emin Məmmədov böyük Qələbədən ilhamlanaraq belə bir layihəyə başladıqlarını söyləyib. Bildirib ki, layihə çərçivəsində vətəndaşlarımıza sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq. Sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunacaq xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və “Qarabağ ilmələrdə” adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.

Layihə rəhbəri Orxan Cabbarov bu ideyaya dəstək olan qurumlara təşəkkürünü bildirib. Qeyd edib ki, boya-başa çatdığı Kəlbəcərdə insanlar bir yerə toplaşaraq xalça toxuyardılar: “Bu proses hər kəsin iştirakı ilə baş verərdi. Hər kəs xalçaya bir ilmə vurardı. Hananın kəsilmə mərasimi isə xüsusi bayrama çevrilərdi. Çox istərdim bu xalçanın sonuncu ilməsi Şuşada vurulsun”.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, İçərişəhərdə “Azərxalça”nın yeni nümayiş salonu açılıb. Burada şəhər sakinləri istədikləri xalçanı əldə edə bilər. O, layihənin çox maraqlı olduğunu söyləyib. Bildirib ki, layihə çərçivəsində toxunacaq “Çələbi” xalçasının üzərində xarıbülbülün təsvir olunması müasir dövrün ideyasını əks etdirir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.

Sonda Vətən müharibəsinin iştirakçıları Nicat Quliyev və Məmməd Zülfəliyev xalçaya ilk ilmələri vurublar.

“Qarabağ ilmələrdə” sosial layihəsinə qoşulmaq istəyən Bakı sakinləri sentyabrın 30-dək “Azərxalça” ASC-nin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq Qarabağ xalçasına ilmə vura bilərlər. Oktyabrın 1-dən sonra isə layihə komandası bölgələrə yola düşəcək. Marşrut istiqaməti “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB, “Azərxalça” və “Təmiz Şəhər”in sosial şəbəkə səhifələrində əvvəlcədən elan ediləcək.

8 Noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.