VII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da nəşrləri təqdim edilir.

İnstitut üçün ayrılmış guşədə 2020-2021-ci illərdə nəşr olunmuş 50-dən çox adda ədəbiyyat yer alıb. Əlyazmalar əsasında nəşrə hazırlanan kitablar, türk, fars və ərəbdilli əlyazmaların çap kataloqları, institutda qorunan əlyazmalar əsasında hazırlanan nəşrlər, elmi müəssisədə yerinə yetirilən tədqiqat işlərinin mühüm nəticələrini əks etdirən kitablar, əməkdaşların əsərlərinin dərc olunduğu və müəssisədə çapa hazırlanan elmi jurnallar, konfrans materialları oxucuların ixtiyarına verilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgidə Əlyazmalar İnstitutu tərəfindən söz ustadının əsərlərinin nəfis və illüstrativ nəşri, şairin irsinin tədqiqi ilə bağlı yeni monoqrafiyalar da sərgi iştirakçılarına təqdim olunub.