Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış teatr rejissoru Ağakişi Kazımov oktyabrın 8-də, 85 yaşında vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyunun 28-də Ağcabədi rayonunda dünyaya göz açıb. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, müxtəlif tamaşalarda yaddaqalan obrazlar yaradıb.

1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Bir müddət sonra yenidən Akademik Milli Dram Teatrına dəvət olunur, həm aktyor, həm də bəzi tamaşalarda rejissor assistenti kimi fəaliyyət göstərir.

1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olan Ağakişi Kazımov 1969-cu ildə təhsilini başa vuraraq respublikaya qayıdıb. Həmin il Mədəniyyət Nazirliyi tərəfindən yeni fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrına direktor göndərilib. 1971-1973-cü illərdə isə bu teatrda baş rejissor vəzifəsində çalışıb.

Ağakişi Kazımov sonrakı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1974-1975), Dövlət Gənc Tamaşaçılar Teatrında (1975-1983 və 1990-2002) baş rejissor, Azərbaycan Dövlət Opera və Balet Teatrında (1973-1974), eləcə də müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Aktyor kimi kinoya da çəkilib. “Yük” bədii filmində (1995) Hacı Zeynalabdin Tağıyev rolunu oynayıb.

Sənətkar 1977-ci ildən indiki Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, 2001-ci ildən universitetin professoru olub.

Ağakişi Kazımov Azərbaycan teatr sənətində xidmətlərinə görə 1987-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Ağakişi Kazımovun əziz xatirəsi sənət dostlarının, yetirmələrinin, onu tanıyanların qəlbində əbədi yasayacaq.

***

Ağakişi Kazımov oktyabrın 9-da Bakı şəhərindəki aşağı “Qurd qapısı” qəbiristanlığında (ümumşəhər qəbiristanlığı) torpağa tapşırılıb. Sənətkarın məzarı önünə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrı adından əklillər qoyulub.

Allah rəhmət eləsin.