Xəbər verdiyimiz kimi, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərliyi ilə nümayəndə heyəti VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
Səfər çərçivəsində Ahmet Misbah Demircan, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və bir qrup nümayəndə heyəti ilə birgə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyənin qurumun fəaliyyətinə hər zaman böyük dəstək verdiyini vurğulayıb.
Ahmet Misbah Demircan Bakıya səfəri çərçivəsində növbəti dəfə Fondu ziyarət etməsindən məmnunluğunu ifadə edərək, Türkiyə ilə təşkilat arasında əlaqələrin əhəmiyyətindən söz açıb. O, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən layihələr haqqında məlumat verərək türkdilli xalqların mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərən Fond ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb.