XX əsr Azərbaycan aşıq sənətində adı hörmətlə yad olunan ustadlar arasında Mikayıl Azaflı da var. Ömür yolu hamar olmasa da, xalqın alqış və sevgisini qazanan sənətkar dəyərli şeirlər müəllifi kimi tanınıb.
Mikayıl Cabbar oğlu Zeynalov 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində dünyaya göz açıb. Hələ kiçik ikən atası qəflətən vəfat edir. Mikayıl əmisi Həsənin himayəsində qalır. Deyilənə görə, onda aşıq sənətinə maraq əmisindən qaynaqlanır. Mikayıl orta məktəb illərində istedadlı bir gənc kimi diqqət çəkir. “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazır. Daha sonra doğma kəndinin adını özünə təxəllüs götürür.
Araşdırmalarda Mikayıl Azaflının keşməkeşli tale yaşadığı qeyd edilir. Bildirilir ki, yeddinci sinifdə oxuyarkən Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Şagirdlərdən biri şəklin üzərinə mürəkkəb tökür. Bundan xəbər tutan məktəbin direktoru ondan qaçıb canını qurtarmasını məsləhət görür. Beləliklə, Mikayıl məktəbdən ayrılır. Bir müddət Goranboy rayonunda qohumlarının evində qalır. Onun qaçmaq səbəbi bilinəndən sonra qohumları da evlərində saxlamır. Çətin də olsa, ailə qurur, təvəllüd tarixini dəyişdirir. Bir başqa gəncin əvəzinə Goranboy rayonundan müharibəyə gedir. Müharibənin çətinliklərinə dözməyib Bakıya qayıdır və dərhal həbs edilir... Aşıq həbsdən qurtardıqdan sonra dövrdən, quruluşdan gileyli şeirlər yazır. Bu isə onu növbəti dəfə həbsə aparırdı. Bir gün dostunun ona “bağışladığı” bahalı palto ilə Tiflis şəhərində gəzərkən tutulur. Bir nəfər gəlib deyir, bu palto mənimdir, cibində adım yazılıb. Yoxlayırlar ki, düz deyir. Evində də axtarış aparılır. Evdən ona məxsus silah tapılır. Mikayıl Azaflı 1961-ci ildə yenidən həbs olunur.
El şənliklərində daim hörmət-izzətlə qarşılanan aşıq xalqdan ayrı düşür, zindan həyatı yaşayır. Vaxtsız ağaran saçlarından təsirlənir və yazır:
Olmazmı ki, qəm çəkincə güləsən,
Nədən oldu yanıb döndün külə sən.
Qırx yaşına çatmamısan hələ sən,
Ağarmayın, ay saçlarım, amandı.
“Zindan şeirləri” adlı kitabında müəllifin 150-dən artıq qoşması yer alıb. “Bülbül”, “O mənəm”, “Sən demə”, “Deyəmmərəm”, “Ağlama”, “Döndü körpələrin qana yaşları”, “Bənzər”, “Dar günü”, “Əlaman, aman”, “Ağlar, ağlar”, “Zindan”, “Mən qocalmazdım” kimi bir çox şeirləri həbs həyatının çətinliklərindən yaranıb. Qəm-kədər yüklü misraları şair zindanda ikən onun hüdudlarını aşır. Hər kəsin duyğularını sarır və öz sehrində saxlayır.
Mikayıl Azaflı 1965-ci ildə həbsdən azad edilir. XX əsrin 80-ci illərinə qədər televiziya, radio və mətbuat üzünə bağlanır. Ancaq xalq onu əvvəlkindən də çox sevir və alqışlayır. Yaradıcılığını maraqla izləyir, şeirləri dillər əzbərinə çevrilir.
Azaflı Mikayıl, yaranan köçür,
İnsan bir zəmidi, Əzrayıl biçir.
Əsrlər dolanır, ömür-gün keçir,
Dünyadan payını al vədəsində.
Mikayıl Azaflı şifahi xalq ədəbiyyatının əksər şəkillərində bir-birindən gözəl əsərlər qələmə alıb. O, klassik aşıq ənənələrini layiqincə davam etdirib, gəraylı, təcnis, qoşma, müxəmməs, divani, vücudnamə, ustadnamə, ithaf, nəzirə, bağlama-qıfılbənd və s. nümunələri saz-söz pərəstişkarlarını məftun edib. Sənətkarın “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı gəraylısı”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları sənətsevərlər tərəfindən maraqla qarşılanıb, aşıqların repertuarında yer alıb.
Mənbələrdə o da qeyd edilir ki, bir gün Mikayıl Azaflı Goranboyun Borsunlu kəndində tanınmış şair, aşıq Məzahir Daşqının (1909-1979) təşkil etdiyi aşıqlar məclisində olur. Səməd Vurğun da məclisə gəlir və çıxış edir, bir şeirini oxuyur. Mikayıl Azaflıya da söz verilir. O da bir şeir oxuyur. S.Vurğun ondan nə olmaq istədiyini soruşur. Müəllim olmaq istədiyini deyir. S.Vurğun iki kağız yazır. Birini Aşıq Mirzəyə göndərir ki, bu adamdan yaxşı aşıq olar. Onu şəyirdliyə götür. İkincisini də Qazax Müəllimlər Seminariyasının direktoruna yazır ki, onu bu təhsil ocağına qəbul etsinlər. Mikayılı seminariyaya qəbul edirlər. Bir gün təsadüfən seminariyaya kəndlərindən bir nəfər gəlir. Onu görür və dərhal direktorun yanına gedib Mikayılın siyasi məhbus olduğunu deyir. Nəticədə onu seminariyadan xaric edirlər. Oradan Aşıq Mirzənin ardınca gedir. Ancaq eşidir ki, Aşıq Mirzə vəfat edib. Bundan sonra Mikayıl Aşıq Əsəd və Aşıq Yusifdən sənətin sirlərini öyrənir...
1984-cü ildə aşıqların IV qurultayında Mikayıl Azaflı da çıxış edir. O, aşıq sənətinin incəliklərindən və qarşıda duran vəzifələrdən söz açır. Qurultayda aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətləri qeyd edilir. Aşıqlar Birliyinin sədr müavini seçilir. 1989-cu il Mikayıl Azaflı üçün daha əlamətdar olur. Novruz bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə edilir. Həmin il sənətkara “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir.
Ancaq bu sevincli günlərin ömrü uzun olmur. Mikayıl Azaflı 12 oktyabr 1990-cı ildə vəfat edir. 2019-cu ildə sənətkar haqqında “Qoca qartalın əbədi uçuşu” adlı sənədli film lentə alınıb.
Savalan FƏRƏCOV