Müharibənin 19-cu günündə cəbhə boyu qalibiyyət yürüşünü davam etdirən Azərbaycan Silahlı Qüvvələri Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının daha altı kəndini Ermənistan işğalçı qüvvələrindən azad edib. Müzəffər ordu hissələrimiz cəbhənin cənub cinahından Füzuli şəhəri istiqamətində hücumlarını davam etdirib.

  • Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

  • Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

  • Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-yə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

  • Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ermənistan ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edib. Mehriban Əliyeva dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib.

  • Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.