Müharibənin 31-ci günündə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatlarını davam etdirib.

 

  • Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd T-72 tankı, dörd ədəd D-30 və üç ədəd D-20 topu, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Düşmənin xain hücumu nəticəsində Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
     
  • Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.