8-12 noyabr tarixində İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Dədə Qorqud” Türk Dünyası Film Festivalı keçirilir. İlk dəfə keçirilən festivala Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan geniş nümayəndə heyətləri, eləcə də Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının Saxa Yakutiya, Tatarıstan respublikaları, Qaqauziya (Moldova), İran, Ukrayna və Şimali Kiprdən ümumilikdə 100-dən çox kino sənətçisi qatılıb.
Festivalın proqramında ev sahibi də daxil olmaqla 13 ölkə və diyardan 42 film yer alıb. Proqrama bədii və sənədli film müsabiqələri ilə yanaşı, “Tarixi panorama”, “Dəyişən insan mənzərələri”, “Çingiz Aytmatov kino adaptasiyaları”, “Türküaz sənədli nəsli” və “Animasiya filmləri” bölmələri də daxildir. Bədii və sənədli filmlər üzrə iki münsiflər heyəti fəaliyyət göstərir.
“Çırağan” sarayında keçirilən açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy film festivalının Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu il ilk dəfə təşkil etdiyi “Beyoğlu Kültür Yolu Festivalı” çərçivəsində keçirildiyini vurğulayıb. O, festivalın Türk dünyası ölkələri arasında əməkdaşlıq imkanlarını artıracağına, kino sənəti vasitəsilə ortaq tarixi, mədəni və ictimai dəyərləri gücləndirəcəyinə əminliyini ifadə edib.
Festivalın məqsədi Türk dünyası ölkələrinin kinosunun mədəni və intellektual infrastrukturunu təqdim etmək, gənc nəsillərin, eləcə də kino mütəxəssislərinin diqqətini Türk dünyasının mədəniyyət kodlarının daşıyıcısı olan kinoya yönəltməkdir. Həmçinin türk dövlətləri arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq imkanlarını artırmaq, kino sənəti vasitəsilə ortaq tarixi, mədəni və ictimai dəyərlərin möhkəmlənməsinə və zənginləşməsinə töhfə verməkdir.
Festivalda türkdilli ölkələr arasında ortaq kino fondunun yaradılması məsələsi müzakirə mövzusudur. Bundan başqa, kino sənayesi mütəxəssisləri İstanbul Universiteti ilə birgə təşkil edilən “Çingiz Aytmatov və kino” panelində bir araya gəliblər.
Qeyd edək ki, festivalda ölkəmizi “Son iclas” bədii-sənədli filmi (Bakı Media Mərkəzi, rejissor Fuad Əlişov), Elxan Cəfərovun “Yarımçıq xatirələr”, Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmləri, Bakı Media Mərkəzinin istehsalı olan “Miras” sənədli filmi təmsil edir. “Bədii filmlər” bölməsinin münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Quliyev də yer alıb.
Festivalın təntənəli bağlanış və mükafatlandırma mərasimi 12 noyabrda Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək.
Lalə AZƏRİ