Ankarada Həsən Həsənovun Azərbaycan tarixi haqqında kitabının təqdimatı keçirilib


Noyabrın 15-də Ankara Universitetində tarix elmləri doktoru, dövlət xadimi, diplomat Həsən Həsənovun “Atropatena-Adorbayqan adlı dövlətin yaranması“ kitabının (Türkiyə türkcəsində) təqdimetmə mərasimi olub.

Universitetin rektoru, professor Necdet Ünüvar mərasimdə çıxış edərək Həsən Həsənovun ictimai-siyasi və elmi fəaliyyətindən söz açıb. Rektor deyib ki, H.Həsənovun kitabları Almaniya, Rusiya, Macarıstan İtaliya, Belçika, Polşa, Bolqarıstan, Gürcüstanda da nəşr edilərək, o ölkələrin oxucularına təqdim edilib.

Vurğulanıb ki, təqdimatı keçirilən kitab Azərbaycanın qədim tarixindən bəhs edir: “Azərbaycanın çox köklü bir tarixi var. Tarixi Assuriya İmperatorluğuna qədər gedən, 3 imperatorluğun hissəsi olan, 321-ci ildə Böyük İsgəndərin imperiyası çökdükdən sonra müstəqilliyini yenidən qazanan bu ölkənin necə qurulmasını Həsən Həsənov bizə öz kitabında anladır. Azərbaycanın zəfərini qeyd etdiyimiz bu günlərdə həm də Azərbaycanın tarixindən bəhs etmək bizim üçün də xoşdur”.

Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edəndə Həsən Həsənov Baş nazir, sonra ölkəmizin tarixinin çətin dövrlərindən birində Azərbaycanın BMT-də daimi nümayəndəsi olub, daha sonra Xarici İşlər Nazirliyinə rəhbərlik edib, həmçinin son 17 ildə diplomat kimi fəaliyyət göstərib. Səfir H.Həsənovun BMT-də daimi nümayəndə olarkən Qarabağ münaqişəsi ilə bağlı tarixi qətnamələrin qəbul edildiyini vurğulayıb.

Ankara Dövlət Universitetinin professoru Erdoğan Uygur kitab haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Həsən Həsənov Azərbaycan-Türkiyə əlaqələrindən, XX, XXI əsrlərdə Türkiyənin Azərbaycana olan dəstəyindən söz açıb. Bildirib ki, bir çox Şərq və Qərb arxivlərinə və alimlərinə istinad edərək ərsəyə gətirdiyi son kitabında Azərbaycanla Türkiyənin vaxtilə bir millət və bir dövlət olduğunu sübut edən araşdırmalar da var: “Bu kitabı oxuyanlar biləcəklər ki, Azərbaycan deyilən dövlət nə zaman və hansı şərtlər altında qurulub, dövləti hansı millət yaradıb, dövlətin adı necə ortaya çıxıb. Atropatena həm Türkiyə, həm də Azərbaycan ərazisini əhatə edib, kitabda təqdim olunan xəritələr də bunu sübut edir. Bir məsələni vurğulayım ki, Azərbaycanda Atropatena yaranmazdan öncə Oğuz dövləti yaranıb. Miladdan öncə 673-cü ildə Midiya və Aşquz çarlığı qurulub. Həmin Aşquz oğuzları da Atropatena dövlətini yaradıblar”.

Qeyd edək ki, İstanbulda “Zengin Yayincılık” nəşriyyatı tərəfindən çap edilən kitabı rus dilindən Türkiyə türkcəsinə Ankara Dövlət Universitetinin məzunu, azərbaycanlı filoloq, şərqşünas Məlaikə Hüseyn tərcümə edib.

Təqdimat mərasimi simvolik bir hadisə də yadda qalıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə Ankara Universitetinin həyətində əkdiyi ağacın dibinə Şuşadan gətirilən torpaq tökülüb.

Mehparə SULTANOVA
Ankara