2020-ci ilin 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağda ağır məğlubiyyətə uğradılan Ermənistan silahlı qüvvələri bir il sonra dövlət sərhədimizdə yeni təxribatlara başlayıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, noyabrın 16-da düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçimiz yaralanıb.

Şəhid qəhrəmanlarımız doğulduqları bölgələrdə böyük izdihamla son mənzilə yola salınıblar.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Natiq Yusif oğlu Əliyev noyabrın 17-də Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhər sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhid Natiq Əliyev əslən Göyçə mahalının Zod kəndindəndir. Ailə ötən əsrin 80-ci illərinin sonlarında bədnam ermənilər tərəfindən öz ata-baba yurdundan didərgin salınıb. O, Gəncədə boya-başa çatıb. Natiqin bir övladı Vətənə əmanət qalıb.

***

Şəhid əsgər Elçin Ramil oğlu Əliyevlə Şirvan şəhərində izdihamlı vida mərasimi keçirilib. Qəhrəmanımızı əllərində üçrəngli bayrağımız olan yüzlərlə şirvanlı vətənpərvərlik şüarları ilə qarşılayıblar.

Mərasimdə şəhər rəhbərliyi, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Şirvan sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Yaşadığı evdə keçirilən vida mərasimindən sonra şəhid Elçin Əliyev Şirvan Şəhidlər xiyabanında dəfn olunub.

***

Şəhid əsgər Elçin Mərifət oğlu Ağayevin üçrəngli bayrağımıza bükülü tabutu noyabrın 17-si axşam saatlarında Cəlilabad rayonuna gətirilib. Qəhrəman döyüşçü ilə vida mərasimində rayon rəhbərliyi, aidiyyəti qurumların əməkdaşları, sakinlər, şəhidin ailəsi və hərbçi yoldaşları iştirak edib.
Elçin Ağayev mərasim iştirakçılarının şəhid adının ucalığı və Vətənin bölünməzliyi haqqında şüarları və dualarla rayon mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.

***

Düşmənin ərazi bütövlüyümüzə qarşı təxribatları zamanı canını fəda edən şəhid əsgər Elmin Samir oğlu Əlizadə ilə Mingəçevir şəhərində yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. Əslən Ağdam rayonunun Papravənd kəndindən olan Elmin Əlizadə Mingəçevir şəhərində dəfn olunub.


***

Şəhid leytenant Ümid Oruc oğlu Niftəliyevin bayrağımıza bükülü tabutu Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvana yola salınıb. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
Ümid Niftəliyev doğulduğu Babək rayonunun Nehrəm qəsəbəsində torpağa tapşırılıb.

***

Şəhid gizir Orxan Hətəm oğlu Cabbarovla anadan olduğu Quba rayonunda vida mərasimi keçirilib. Orxan Cabbarovun cənazəsi Quba rayonunun Davudoba kəndinə, yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa əmanət olunub.

***

Daha bir şəhid əsgərimiz Murad Qalib oğlu Xəlilov Şəmkir rayonundandır. Şəhidin cənazəsi Şəmkirin Çinarlı qəsəbəsinə, yaşadığı evə gətirilib. Böyük izdiham yaşanan vida mərasimindən sonra Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.