Nazir Anar Kərimov dünya şöhrətli musiqiçini qəbul edib


Əslən Bakıdan olan tanınmış violin ifaçısı, dirijor Dmitri Sitkovetski Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə yubiley tədbirlərinə dəvət alaraq, doğulduğu şəhərə gəlib.

Noyabrın 17-də mədəniyyət naziri Anar Kərimov Dmitri Sitkovetski ilə görüşüb. Görüşdə həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da iştirak ediblər.

Məşhur musiqiçini səmimi salamlayan Anar Kərimov onu Bakıda görməyindən məmnunluğunu ifadə edib. Nazir sənətkarın yaradıcılığını izlədiyini vurğulayıb.

Dəvət üçün təşəkkürünü ifadə edən D.Sitkovetski Bakıya hər səfərinin xoş təəssüratla yaddaşına həkk olunduğunu, ölkəmizdə hər dəfə yenilikləri, inkişafı müşahidə etdiyini deyib. Əslən bakılı musiqiçilər – dünya şöhrətli pianoçu Bella Davidoviçin və violin ifaçısı Yulian Sitkovetskinin ailəsində dünyaya gələn sənətkar qəlbən özünü hər zaman bakılı hesab etdiyini bildirib.

Dmitri Sitkovetski söhbət zamanı ölkəmizdə klassik musiqi ənənəsini dirçəltməyin, məşhur ifaçıların iştirakı ilə müxtəlif festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, rəngarəng mədəniyyətlərin, o cümlədən əsrarəngiz musiqi mədəniyyətinin cəmləşdiyi Azərbaycan tarixən sənətsevərlərin diqqət mərkəzində olub. O, bundan sonra da sözügedən ənənələri yaşatmaq, sənətkar kimi üzərinə düşəni qürurla yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Dmitri Sitkovetskinin səfər proqramına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ustad dərsi və konsert proqramı ilə çıxışı daxildir.