Qətnaməyə Azərbaycan da həmmüəllif olaraq dəstək verib


UNESCO Baş Konfransının Parisdə keçirilən 41-ci sessiyası məruzə və qətnamələrin müzakirələri ilə davam edir. Sessiyada Azərbaycanın həmmüəlifi olduğu “Xivə prosesi” – Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” adlı qətnamə UNESCO-nun Sosial və humanitar elmlər komissiyasının iclasında müzakirə edilib.

Sessiyada Azərbaycan nümayəndə heyətində yer alan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov müzakirələrdə iştirak edib. Bildirib ki, Özbəkistanın irəli sürdüyü “Xivə prosesi” layihəsi ilə bağlı qətnaməyə Azərbaycan əsas həmmüəllif olaraq töhfələrini verib.

Akademik qarşılıqlı faydalı əlaqə və münasibətlərin tarixinə diqqət yönəldərək deyib: “XV əsrin dahi özbək mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvai təsdiq edirdi ki, səbir edərək çalışanlar adi yarpaqdan ipək yaratmağa qadirdir. Bu sözlərin həqiqiliyini tarix də dəfələrlə sübut edib. Bir zamanlar mədəniyyətləri və xalqları qovuşduran böyük “İpək Yolu”nu da əməkdaşlığa, anlaşmaya, qarşılıqlı iqtisadi və mənəvi bəhrələnməyə nail olmağa çalışan insanlar doğurmuşdular”.

Rafael Hüseynov qəbul edilən sənədin əslində elm və mədəniyyətdən daha miqyaslı bir layihə olduğunu nəzərə çadıraraq bildirib ki, “Xivə prosesi” mahiyyət etibarilə yalnız Orta Asiyanın sivilizasiyalar qovuşuğunda olması ideyası ilə məhdudlaşmır və əslində qat-qat geniş coğrafiyanı əhatə edir.

Bu layihəyə 23 ölkənin, eləcə də Azərbaycanın qoşulması, bu sırada region ölkələri ilə yanaşı Meksikanın, Almaniyanın, İtaliyanın, Macarıstanın, Çinin və bir çox başqalarının yer alması düşündürücüdür. Çünki “Xivə prosesi”nin başlıca fəlsəfəsi yeni zaman içərisində mədəniyyətləri, xalqları daha artıq yaxınlaşadırmağa yeni impuls və mümkün töhfələr vermək, əməkdaşlıq və anlaşmanın sərhədlərini daha da genişləndirməkdir. Ciddi perspektivlər vəd edən bu platforma elm, təhsil, mədəniyyət, intellektual əməkdaşlıqdan daha geniş hədəfləri nəzərdə tutur.

Akademik vurğulayıb ki, Azərbaycan son illərdə dünya miqyasında mədəniyyətlər və dinlər arasında dialoqun başlıca mərkəzlərindən birinə çevrilib, uğurla gerçəkləşən bir çox bu qəbil tədbirlərə ev sahibliyi edib. Eyni zamanda Azərbaycan bu gün dünyanı qovuşduran və qarşılıqlı maraqlara xidmət edən bir sıra mühüm qlobal iqtisadi layihələrdə də aparıcı mövqe tutmaqdadır.

Rafael Hüseynov qəbul edilən qətnamənin UNESCO-nun ali məqsədlərinə, ölkələr və xalqlar arasında yaxınlaşma və əlaqələrin inkişafına xidmət edən mühüm layihə kimi bəhrələr verəcəyinə, nəzərdə tutulmuş niyyətlərin həyata keçirilməsinə yeni sürət gətirəcəyinə inamını ifadə edib.