İclasda ölkəmizdə yaradıcı sənayelər sahəsində görülən işlərdən də danışılıb


17-19 noyabr tarixində Parisdə UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun Mədəniyyət Komissiyasının ilk iclası keçirilir. UNESCO-nun üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların təmsil olunduğu Mədəniyyət Komissiyasının iclasına Azərbaycan sədrlik edir. Panama, İndoneziya və Lesotonun nümayəndələri sədr müavinləri seçiliblər.

Noyabrın 17-də başlanan iclasa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edib.

Komissiyanın gündəliyinə 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat Strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, qanunsuz olaraq ölkədən çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı Hökumətlərarası Komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Dünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr daxildir.

İclasın sədri Vasif Eyvazzadə gündəlikdə duran məsələləri diqqətə çatdıraraq, 40-cı Baş Konfransın Yerusəlim ilə bağlı 43 saylı qətnaməsi və işğal olunmuş ərəb ərazilərində təhsil və mədəniyyət müəssisələrinin vəziyyətinə dair 67 saylı qətnamənin icra vəziyyətinə dair konsensusla qəbul edilmiş sənədləri UNESCO Baş direktorunun kabinet rəhbəri Nikolas Kasianidesə təqdim edib.

İclasda UNESCO Baş direktorunun müavini Ernesto Ottone 2022-2025-ci illər üçün qurumun proqram və büdcə layihəsini təqdim edib. UNESCO-nun növbəti il üçün mədəniyyət sahəsi üzrə əsas proqramının təqdimatından sonra 50 üzv ölkənin nümayəndələri çıxış edərək, Azərbaycan nümayəndəsini sədr seçilməsi münasibətilə təbrik ediblər.

Üzv ölkələrin əksəriyyəti UNESCO Proqramında yaradıcı sənayelərin inkişaf etdirilməsinə daha ciddi önəm verilməsini alqışlayıblar.

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin II katibi Nahid Ömərov ölkəmiz üçün mədəni irsin qorunması, mədəni mülkiyyətin qanunsuz dövriyyəsi və yaradıcı sənayelərin inkişaf etdirilməsi mövzularının ciddi əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkəmizdə yaradıcı sənayelər sahəsində görülən işlərdən söz açaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edildiyini və bu kontekstdə hazırkı proqram və büdcə sənədini dəstəklədiyimizi diqqətə çatdırıb.