Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Dövlət Komitəsi tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edib.

Forum öncəsi, noyabrın 17-də iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad ediblər.

Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra Azərbaycanda dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciətini oxuyub.

İştirakçıları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, forum xalqımız üçün çox möhtəşəm hadisənin bayram edildiyi günlərə – Vətən müharibəsində qazanılan Zəfərin birilliyi ilə eyni vaxta təsadüf edir.

Bahar Muradova Prezident İlham Əliyevə məktubuna görə uşaqlar və öz adından təşəkkürünü bildirib. Qeyd edib ki, foruma hazırlıq mərhələsində müxtəlif maarifləndirici tədbirlər keçirilib. Uşaqların dövlət rəsmiləri və digər tanınmışlarla görüşləri təşkil olunub. Forum uşaq hüquqlarının qorunması, təbliği, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında uşaqların fikirlərinin nəzərə alınması baxımından vacib platformaya çevrilib.

Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxış edərək uşaq hüquqlarından danışıb. O, “2020-2030-cu illər üzrə Uşaq Strategiyası”nın vacibliyini vurğulayıb.

UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan pandemiyanın təsirindən söz açıb: “Pandemiya təhsil, təlim, asudə vaxtınızı mənalı keçirmə imkanlarınıza müdaxilə edib. Bəzilərinin bəlkə də onlayn dərslərə çıxışı olmayıb. Bəzi uşaqlar bu dövrdə özlərini tənha, çətin vəziyyətdə hiss edib. Pandemiya uşaqların sağlamlığına çətinliklər yaradıb. Amma bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirləri yüksək qiymətləndiririk. Uşaqlar arasında bu qədər enerjini, gücü görmək xoş təəssürat bağışlayır”.

Forumda Türkiyə ilə telekörpü yaradılıb. Forum 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr şəklində davam edib.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid formatda təşkil olunan foruma iştirakçıların bir qismi onlayn şəkildə qoşulub.