2019-cu ildən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Bu barədə məlumat verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir və növbəti ildə də bir sıra tarixi abidənin bərpası nəzərdə tutulur. Bərpa-konservasiya işləri ilə yanaşı, tarixi abidələrin pasport və mühafizə zonalarının hazırlanması istiqamətində də addımlar atılıb. Bu il 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı 368-dir. 243 abidənin isə mühafizə zonaları müəyyənləşdirilərək təsdiq edilib. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 108 layihənin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin noyabr ayından başlayaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilir. Əməkdaşlar tərəfindən işğalçı Ermənistan Respublikası tərəfindən mədəni irs nümunələrimizə qarşı həyata keçirilmiş dağıntı, vandallıq və mənimsəmə faktları toplanaraq sənədləşdirilir.

LALƏ