Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və böyük türk şairi və mütəfəkkiri Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə Türkiyədə silsilə konsert proqramları keçirilir.

Növbəti konsert noyabrın 18-də 2022-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmiş Bursa şəhərində təşkil edilib. “Türk dünyasının şah əsərləri” adlı konsert Bursa Atatürk Konqres və Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Bursada yaşayan və təhsil alan həmvətənlərimiz və şəhər ictimaiyyətinin təmsilçiləri iştirak edib.

Özbəkistandan Alibek Kabdurahmanov və Türkiyədən Eray İnalın dirijorluğu ilə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin, həmçinin solistlər – İlham Nəzərov (kontratenor, Azərbaycan), Xosrov Hakan Amiri (tenor, Azərbaycan), Nazım Sagıntay (soprano, Qazaxıstan), Tair Tajigulov (bas, Qazaxıstan), Aybek Saralaev (tenor, Qırğızıstan), Ayzirek Momunova (soprano, Qırğızıstan), Nosir Yusupov (bariton, Özbəkistan), Nilgün Kızılcı (müğənni, Türkiyə), Çinarə Heydərova (qanun ifaçısı, Azərbaycan), Akerke Tajibayeva (kıl kopuz, Qazaxıstan), Saliya Emilbekova (komuz, Qırğızıstan), Bekzod Turaev (ney, Özbəkistan) və Süleyman Yardımın (ney, Türkiyə) çıxış etdiyi konsert alqışlarla qarşılanıb.

Konsertdən sonra səhnəyə çıxaraq beş ölkənin sənətçilərinə möhtəşəm musiqi axşamına görə təşəkkürünü bildirən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşa Nizami Gəncəvi, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova isə Yunus Əmrə ilə bağlı xatirə hədiyyələri təqdim edib.

Tədbir çərçivəsində TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin Nizami Gəncəvinin əsərlərinə çəkdiyi rəsmlərin fotolarından, eləcə də Yunus Əmrənin həyatını, fəlsəfəsini və şeir sənətini əks etdirən instalyasiyalardan ibarət sərgi də açılıb.

Xatırladaq ki, konsertdən əvvəl Bursa şəhərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı mətbuat üçün məlumatlandırma toplantısı keçirilib. Toplantıda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bursa Böyükşəhər Bələdiyyə başqanı Alinur Aktaş, Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Bursa şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamil Özer iştirak ediblər.

Bursa şəhərinin tarixindən, onun Türk dünyasındakı mədəni yeri və rolundan bəhs edən bələdiyyə başqanı bildirib ki, ortaq ədəbi dəyərlərimiz olan Nizami Gəncəvi, Yunus Əmrə kimi şairlərimizin bu mədəni dəyərlərin formalaşmasında xüsusi töhfəsi var.

Düsen Kaseinov yaşıllıqlar diyarı və tarixi şəhər olan Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin əhəmiyyətindən söz açıb. “İnanırıq ki, Osmanlı dövlətinin paytaxtı olmuş qədim Bursa gələn il bu adı uğurla daşıyacaq”, – deyə o bildirib.

Akif Marifli hər iki şairin ədəbi irsindən söhbət açaraq, onları birləşdirən dəyərlərə toxunub, Nizami Gəncəvi və Yunus Əmrənin haqq-ədalət, humanizm ideyalarının carçısı olduqlarını, Türk dünyası ədəbiyyatının zənginləşdirilməsində xidmətlərini qeyd edib. 2022-ci ildə Bakıda keçiriləcək 8-ci Beynəlxalq Kitab Sərgisində Türkiyənin “fəxri qonaq” statusunda iştirak edəcəyini diqqətə çatdıran şöbə müdiri Bursa Böyükşəhər Bələdiyyəsini də sərgiyə stendlə qatılmağa dəvət edib. Akif Marifli bələdiyyə başqanı Alinur Aktaşa Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını və “Gəncə – Nizami yurdu” kitabını hədiyyə edib.

Qeyd edək ki, TÜRKSOY-un Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli” və Türkiyədə qeyd olunan “Yunus Əmrə İli” münasibətilə təşkil etdiyi konsert silsiləsi noyabrın 15-də Ədirnə şəhərində başlayıb. Ədirnədəki Trakya Universitetindəki konsertdən sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan sənətçilərinin iştirakı ilə daha bir proqram Təkirdağdakı Yəhya Kamal Bayatlı Mədəniyyət Mərkəzində təqdim olunub.

“Türk dünyasının şah əsərləri” konsertləri noyabrın 20-də Antalyada, AKM Aspendos Salonunda yekunlaşacaq.

Mehparə SULTANOVA
Ankara