Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyası 75-ci dəfə nümayiş olunacaq.

Yaranma tarixçəsi qəribə olan bu tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ilin oktyabrında sənətkar dünyasını dəyişdi. 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası Hacıbaba Bağırovun xatirəsinə ithaf və onu sevənlərə təskinlik olaraq nümayiş etdirildi.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 14 il keçməsinə baxmayaraq, hər dəfə böyük maraqla baxılır.

Tamaşanın budəfəki nümayişində rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.