“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Mədəniyyət naziri Anar Kərimov noyabrın 19-da müsabiqənin qalibi Fərrux Əliyevlə görüşüb.

Görüşdə nazir Anar Kərimov ikitərəfli mentorluq proqramının müsabiqə qalibəri üçün faydalı olacağına inamını ifadə edib. Bildirib ki, müsabiqə qaliblərinin bilikləri və qazandıqları təcrübə həm özləri, həm də çalışacaqları sahələr üçün böyük əhəmiyyətə malik olacaq.

Fərrux Əliyev daim yeni bacarıqlara yiyələnmək istədiyini və mentorluq proqramının səmərəli olacağını bildirib, səmimi görüşə görə nazirə təşəkkür edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə nazirliklərin, digər dövlət qurumlarının, bir sıra şirkətlərin rəhbər şəxsləri daxildir. Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş arası, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.