Bu gün Ağdam şəhərinin erməni işğalından qurtuluşunun bir ili tamam olur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Ancaq təəssüflə qeyd edək ki, işğaldan öncə Qarabağmızın ən qələbəlik, müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən rayonu indi Yaponiyanın Xirosimo şəhərinin viranəliyi ilə müqayisə olunur. Mənfur düşmən şəhərdə daşı daş üstə qoymayıb. Bu gün Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Ağdamın işğaldan azad olunmasının ildönümü münasibətilə virtual sərgi hazırlayıb. Sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, mətbuat materialları, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Agdam_isgaldan_azad_edildi!/index.htm linkindən istifadə edə bilərlər.