Noyabrın 19-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BQFF) açılış mərasimi keçirildi.

“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council” da var. Festivala media dəstəyi verənlər arasında “Mədəniyyət” qəzeti də yer alır.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kino verilişlərinin aparıcısı Anar Vəliyev tədbiri açaraq birillik fasilədən sonra yenidən paytaxt Bakıda möhtəşəm film festivalının çoxsaylı kinosevərləri bir araya gətirməsinin əlamətdar hal olduğunu diqqətə çatdırdı.

“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev çıxış edərək festival haqqında məlumat verdi. Qeyd etdi ki, noyabrın 23-dək davam edəcək festivalda tamaşaçılar bir-birindən maraqlı filmləri izləyəcəklər. Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq. Diqqətə çatdırıldı ki, festivala 76 ölkədən 3217 qısa film göndərilib, bunlardan 82 ekran əsəri yerli müsabiqəyə təqdim olunub.

Seçim komissiyasının qərarına əsasən, 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və s.) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazirliyin  kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğuladı: "Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir. Kino mədəniyyətin inkişaf mərhələsinin göstəricilərindən biridir. Azərbaycan Kino Agentliyinin yaradılmasının son mərhələsindəyik. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik. Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin”.

Milli-mənəvi dəyərlərin geniş ictimaiyyətə, o cümlədən əcnəbilərə çatdırılmasında kinonun mühüm missiyasının olduğunu qeyd edən Elnur Əliyev festivalın keçirilməsini ölkədə kino sənətinin inkişafında, yeni istedadların üzə çıxarılmasında, eləcə də gələcək layihələrin həyata keçirilməsində əhəmiyyətini vurğulayıb.

Daha sonra festival haqqında məlumatda diqqətə çatdırıldı ki, beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii və sənədli filmlərin ssenari müəllifi olan Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi, türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində şair, tərcüməçi Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.

Sonra festivalın xarici və yerli münsiflər heyəti səhnəyə dəvət olundu. Çıxışlarda qeyd edildi ki, bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl nar” mükafatını təqdim edəcək. İlk mükafat tanınmış rejissor, ssenarist, operator və prodüser Hüseyn Mehdiyevə təqdim edildi. O, festivalın təşkilatçılarına yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.

12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.

Festivalın daha bir sürprizi “British Council” ilə əməkdaşlıq nəticəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin film festivallarında, Oskarda mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən BQFF hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Lalə AZƏRİ