Akademik Milli Dram Teatrının repertuarınd olan “Qətibə İnanc” tamaşası “Nizami Gəncəvi İli” münasibətilə nümayiş olunub.

Səhnə əsərinin nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov çıxış edib. Prezident İlham Əliyev 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamından irəli gələrək 2021-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir çox tədbirlərin həyata keçirildiiyini deyən direktor müavini bildirib ki, Akademik Milli Dram Teatrı da bu tamaşa ilə dahi sənətkarın ölməz irsinə öz töhfəsini verir.

Diqqətə çatdırılıb ki, ikihissəli səhnə əsəri görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Sonra tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc), Sabir Məmmədov (Nizami), Kazım Abdullayev (Qızıl Arslan), aktyor İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Ayşad Məmmədov (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artist Mirzə Ağabəyli (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Elşən Rüstəmov (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) rol alıb.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub.