Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti sərgi keçirilib. “Laçın qartalları” adlı tədbir-sərgi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil edilib.

Tədbirdə Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs olunub. Bildirilib ki, Laçından olan, amma heç Laçına ayaq basmayan Vətən oğulları da öz qanları bahasına Vətən torpaqlarının işğaldan azad olunmasında qəhrəmancasına iştirak ediblər.

Sonra tədbir iştirakçıları Vətən müharibəsinin şəhidləri – kiçik gizir İlkin Xosrovzadə, XTQ kəşfiyyatçısı Fərid İlyasov, əsgər Yaqub Yaqubzadə, Mansur Əhmədov, Şahgündüz Cabbarov, Elnur Cabbarov və Tural Həsənova həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.

Tədbirdə şəhid ailələri, qazilər, Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.

İstiqlal Muzeyində “Laçın qartalları” sərgisi noyabrın 25-dək davam edəcək.