Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin konserti keçirilib. Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək kollektiv haqqında məlumat verib.

Bildirib ki, 2016-cı ildə yaradılan “Cadenza” ansamblı bir sıra yerli və beynəlxalq festivallarda çıxış edib. Kollektiv bu ildən orkestr şəklində fəaliyyət göstərməyə başlayıb. Kollektiv Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmağı, çağdaş musiqi ənənələrini davam etdirməklə yanaşı, musiqi maarifçiliyini həyata keçirməyi, müxtəlif auditoriyalar üçün konsertlər təşkil etməyi qarşısına məqsəd qoyub.

Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.

Diqqətə çatdırlıb ki, bugünkü konsertdə səslənəcək əsərlərin bir qismi Bakıda ilk dəfə təqdim olunur.

Konsertdə H.Pursel, İ.Haydn, F.M.Bartoldi, A.Skryabin, A.Şnitke və M.Feldmanın əsərləri səsləndirilib. Solistlər Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel) dirijor Samir Əsədovun rəhbərliyi ilə müasir musiqi nümunələrinin, barokko dövrünün, sovet avanqardı və klassizmin simvollarını tamaşaçılara təqdim ediblər.