Noyabrın 20-də Ukraynanın Xarkov şəhərindəki Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzində tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovla vida mərasimi keçirilib.

Mərasimdə Xarkov şəhər merinin birinci müavini Aleksandr Novak, merin müavini Svetlana Qorbunova, Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Sabir Rzayev, ikinci katibi Samir Allahverdiyev, Azərbaycanın və Qazaxıstanın Xarkovdakı fəxri konsulları Əfqan Salmanov, Emin Nəcəfov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov və Azərbaycan diasporunun rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Mərasimdə çıxış edən Aleksandr Novak bildirib ki, Seyfəddin Qurbanov Xarkov şəhəri, ümumilikdə Ukrayna mədəniyyətində silinməz iz qoyub. Onun əsərləri Xarkova xüsusi gözəllik verir. Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan arasında mədəni əlaqələrə töhfələr verib.

Xarkov şəhər merinin müavini Svetlana Qorbunova qeyd edib ki, Seyfəddin Qurbanov kimi tanınmış heykəltəraşın vəfat etməsi Ukrayna mədəniyyəti üçün böyük itkidir. Sənətkarın arzuları, gələcəkdə ərsəyə gətirəcəyi əsərlər yarımçıq qaldı. Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan mədəniyyətinə qiymətli əsərlər bəxş edən xalqına, Vətəninə, seçdiyi sənətə sadiq sənətkar idi.

Səfirliyimizin müşaviri Sabir Rzayev çıxışında bildirib ki, görkəmli heykəltəraşın müxtəlif süjetli kompozisiyaları Ukraynanın meydanlarını, parklarını daha da baxımlı, yaraşıqlı edir. “İnanıram ki, Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdiriləcək”, - deyə o əlavə edib.

Mərasimdə daha sonra Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Murad Ömərov çıxış ediblər.

Qeyd edək ki, Xarkovdakı Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin rəhbəri olmuş Seyfəddin Qurbanov noyabrın 16-da Türkiyənin Alaniya şəhərində istirahətdə ikən koronavirusdan dünyasını dəyişib.

Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti, 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının üzvü idi. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", "Nəsimi", "Müslüm Maqomayev", İrpen şəhərində "Zərifə Əliyeva", Xarkov şəhərindəki Mirzə Fətəli Axundzadənin də heykəlinin olduğu "Filosoflar" kompozisiyası, Sloveniyada "Nizami Gəncəvi" və digər abidələrin müəllifidir.

2004-cü ildə Ukraynanın Əməkdar rəssamı, 2005-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Seyfəddin Qurbanov Xarkovda 2 saylı şəhər qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.