Estoniyanın paytaxtı Tallinn şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Estoniyadakı səfirliyimiz, Azərbaycan Diasporuna Dəstək Fondu, bu ölkənin “Ocaq” radiosu və Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyənin Estoniyadakı Səfirliyinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, media mənsubları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov açılış nitqində Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib. Səfir həmçinin il ərzində ölkəmizdə və xaricdə bir çox tədbirlərin keçirildiyini qeyd edib, bu cür silsilədən Estoniyada təşkil olunan elmi seminarın əhəmiyyətini vurğulayıb. Diplomat tədbirin Estoniya ictimaiyyətində Nizami Gəncəvi haqqında daha müfəssəl məlumat əldə etməyə imkan yaradacağını diqqətə çatdırıb.

Sonra Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub "Nizami Gəncəvi yaradıcılığında ədalətin rolu" mövzusunda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Elmi seminarın önəmini vurğulayan “Ocaq” radiosunun baş redaktoru Sənəm Əliyeva bu tədbirin ərsəyə gəlməsinə görə ölkəmizin səfirliyinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

Tədbirin sonunda azərbaycanlı gənc musiqiçilər mahnılar ifa ediblər. İştirakçılar milli mətbəximizin ləziz təamlarına qonaq olublar.