Rəssam-şairin kitab və sərgisi təqdim edildi

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam-şair Telman Abbasov noyabrın 19-da Bakıdakı Xətai Sənət Mərkəzində “Qəlbimin palitrası” kitabını və eyniadlı fərdi sərgisini sənətsevərlərə təqdim etdi.

Tədbir Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli tədbiri açaraq rəssamın həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, Telman Abbasov 1956-cı ildə Bakının Bülbülə kəndində dünyaya göz açıb. Erkən çağlardan sənətə maraq göstərib. Sənətin sirlərini ilk olaraq atası Mürsəl kişidən öyrənib. 1972-1976-cı illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1985-1991-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsilini davam etdirib. 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında çalışan rəssam hazırda təhsil ocağının dosentidir.

Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev çıxış edərək rəssam və sərgi haqqında öz ürək sözlərini bölüşdü. Qeyd etdi ki, Telman Abbasov bir neçə dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) keçirdiyi “İncəsənət və idman” mövzusunda müsabiqədə iştirak edib, I, II və III dərəcəli mükafatlara layiq görülüb. 2000-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yerli milli olimpiya komitələrinin keçirdiyi müsabiqədə yer tutmuş əsərlərdən ibarət müsabiqə təşkil edib. T.Abbasovun da əsəri burada IV yeri tutub. Sözügedən əsər indi İsveçrənin Lozanna şəhərindədir. Rəssam həmçinin ölkəmizdə də keçirilən sərgilərdə fəal iştirak edib. 20 Yanvar hadisələrinə həsr etdiyi qrafik lövhəsi Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Tarix üzrə fəlsəfə doktoru Yusif Dirili T.Abbasovun rəssam olmaqla bərabər, həm də tanınmış şair olduğunu qeyd etdi, onun əsasən satirik şeir və qəzəllər yazdığını dedi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev T.Abbasovun vətənpərvər sənətkar olduğunu bildirdi. Qeyd etdi ki, hər bir rəssam dövrünün aynası olmalıdır. Həm də yaradıcılığı onun mənəvi aləminə işıq tutmalıdır. Rəssamın rəngarəng yaradıcılığında XX əsrdə Azərbaycan xalqının üzləşdiyi müsibətlər də öz əksini tapıb.

Daha sonra Xalq rəssamı Azad Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, rəssamın dostları, qohumları və tələbələri rəssam haqqında öz ürək sözlərini bildirdilər.

Sonda rəssam-şair Telman Abbasov öz şeiri ilə sərgiyə gələnləri salamladı və qonaqlara öz imzası ilə şeirlər kitabını təqdim etdi. Tədbirin təşkilatçı və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Mərkəzin sərgi salonunda rəssamın “Dədə Qorqud”, “Kür qırağı”, “20 Yanvar”, “Gələcəyin dahisi”, “Qonşular”, “Zamanın bətnində”, “Lirika”, “Dağ kəndi”, “İgidlər”, “Batabat”, “Haray”, “Dostlar”, “Nənə”, “Xalçaçı”, “Kəndimiz” “Azadlıq”, “Bizim küçə”, “At ili”, “Qaval daşı”, “Sevinc”, “Bayramqabağı”, “Qocalar”, “Məhəllə uşaqları” adlı əsərləri nümayiş olunur.

Savalan FƏRƏCOV