Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət sarayında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Böyük saz-söz ustadına həsr olunmuş sənədli filmdən fraqment nümayiş olunduqdan sonra “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, sənətkarın nəticəsi Xətai Ələsgərli çıxış edərək tədbirin təşkilinə görə mədəniyyət ocağının rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. O, ulu babasının həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra filologiya üzrə fəlsəfə doktoru Xanım Mustafayeva, tədqiqatçı alim Hacı Soltan Əlizadə çıxış edərək bildiriblər ki, Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Dədə Ələsgər xalq tərəfindən sevilib və el ağsaqqalına çevrilib.

Daha sonra söz musiqiyə verilib. Gənc ifaçı Kənan Qasımzadənin Aşıq Ələsgərin sözlərinə oxuduğu muğam, Laçın rayonu 32 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, 24 nömrəli onbirillik Musiqi məktəbi “Qarabağ” aşıqlar qrupunun ifa etdiyi “Ruhani” havası tədbirə xüsusi rəng qatıb. Sumqayıt Musiqi məktəbinin “Cəngi” aşıqlar qrupu da gözəl ifası ilə tamaşaçılar könlünü oxşayıb.