Fikrət Əmirovun doğum günündə məzarı ziyarət olundu

 

Noyabrın 22-də Azərbaycanın dünya şöhrətli bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 99-cu ildönümü tamam oldu. Bu münasibətlə I Fəxri xiyabanda böyük musiqiçinin məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.

Anım mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, yaradıcı təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak edirdi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, Fikrət Əmirovun yaradıcılığının mayası Azərbaycan muğamıdır. Bəstəkarın yaratdığı bütün simfonik əsərlərdə azərbaycançılıq ruhu var: “Buna görə də Fikrət Əmirov kimi dahi bəstəkarlarımızın irsini yaşatmalıyıq. Çalışmalıyıq ki, Fikrət Əmirov bəstəkarlıq məktəbi davam etsin. Fikrət Əmirov Azərbaycan mədəniyyətinin böyüklüyünün göstəricisidir. Biri var Azərbaycan dilinin başqa dillərə tərcüməsi, biri də var Azərbaycan ruhunun tərcüməsi. Fikrət Əmirov məhz Azərbaycan ruhunu musiqi dili ilə beynəlxalq aləmə çatdırıb. Azərbaycan dünyada daha çox nefti ilə, yəni iqtisadiyyatı ilə tanınır. Bildiyiniz kimi, bunlar tükənən resursdur. Bizim bitməyən resursumuz mədəniyyətimizdir. Elə bir mədəniyyətimiz var ki, bütün dünyanı əhatə edə bilər. Bu mədəniyyəti yaşatmaq üçün isə ona sahib çıxmalıyıq”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirdi ki, Fikrət Əmirov möhtəşəm üçlüyün nümayəndəsidir: “Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini hər zaman dünyada tanıdıb. “Fikrət Əmirovun simfonik muğamları dahi dirijorların idarəçiliyində səslənib. Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayıb. Amerikalı dirijor L.Stakovski Fikrət Əmirova yazdığı məktubda deyirdi: “Sizin əsərlərinizi bütün Amerikanın şəhərlərində ifa etdim. Sizin əsərlərinizdən sonra konserti davam etmək mümkün deyil. Ona görə ki, insanlar ayaq üstə durub sizin əsərinizi alqışlayır. Bu gündən sonra mən sizin əsərlərinizi həmişə konsertin sonunda ifa edəcəyəm”. Bu sözlər bir daha göstərir ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya musiqi inciləri sırasına daxil edib”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli söylədi ki, gələn il bəstəkarın 100 illik yubileyidir və artıq bununla bağlı hazırlıqlara başlanılıb: “İstərdim ki, bütün dünyada Fikrət Əmirov günləri keçirilsin. Fikrət Əmirov xoşbəxt sənətkarlardındır, çünki dünyadan köçsə də, əsərləri hər zaman yaşayır”.

Sonda sənətkarın qızı Sevil Əmirova çıxış edərək bəstəkarın xatirəsinə göstərilən diqqətə görə mərasim iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədə anadan olub. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.

Bəstəkar həmçinin musiqi mədəniyyətimizə “Şur”, “Kürd-Ovşarı” və “Gülüstan – Bayatı-Şiraz” kimi simfonik muğamlar bəxş edib. “Nizami” baleti, “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

Böyük bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib. Hazırda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı görkəmli musiqiçinin adını daşıyır.

NURƏDDİN