Filarmoniyada təntənəli yubiley konserti

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) bu il 100 yaşını qeyd edir. Prezident İlham Əliyev tərəfindən əlamətdar yubileyin dövlət səviyyəsində qeyd olunması məqsədilə 26 may 2021-ci il tarixində sərəncam imzalanıb. Bu münasibətlə keçirilən konfrans və konsertlərdə bir əsr yaşı olan təhsil ocağının keçdiyi yola nəzər salınır, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri bir daha xatırlanır.

Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşən təntənəli gecə də Bakı Musiqi Akademiyasının 100 illiyinə dəyərli yubiley töhfəsi olub.

Yubiley gecəsində rəsmilər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən Rusiyadan gəlmiş qonaqlar, BMA-nın professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli səhnəyə çıxaraq qonaqları salamlayıb.

Konsert proqramı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin parlaq çıxışı ilə başlayıb. Kollektiv dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertüranı səsləndirib.

Sonra Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə orkestrin müşayiətində tanınmış vokal ifaçısı, Xalq artisti Samir Cəfərov Ü.Hacıbəylinin “Sevgili canan”, Xalq artisti Ülviyyə Hacıbəyova Ü.Hacıbəylinin “Cəngi”, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Səbinə Əsədova F.Əlizadənin “İntizar” operasından gəlinlərin dueti, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov H.Rzayevin “Çahargah” rapsodiyası”, Xalq artisti Şükür Səmədov K.Kartnerin “Konsertino” əsərlərini ifa ediblər.

Tamaşaçıların gurultulu alqışlarından sonra Böyük Britaniyadan gəlmiş tanınmış skripka ifaçısı, dirijor, əslən bakılı olan Dmitri Sitkovetskinin idarəsi ilə Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals və yürüş” ifa olunub.

Daha sonra dirijor pultu arxasına Əməkdar artist Fuad İbrahimov keçib. Orkestrin müşayiətində Dmitri Sitkovetski skripkada M.Ravelin “Qaraçı qız”, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə fortepianoda S.Raxmaninovun “İki fortepiano və simfonik orkestr üçün 2 saylı süita”sını (işləməsi A.Varnberq – III, IV hissələr) ifa ediblər.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə orkestr və solistlər – Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında F.Pulenkin “İki fortepiano və simfonik orkestr üçün konsert”i (II və III hissələr) səslənib.

Bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellasının, solistlər – xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası dinləyicilərə əsl musiqi bayramı havası yaşadıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yubiley konserti tamaşaçıların yaddaşına xoş təəssüratlarla həkk olunaraq gurultulu alqış sədaları altında başa çatıb.