"Mədəniyyət Nazirliyi Aparatının strukturu təsdiqlənib, bir sıra yeniliklər var".

Bu sözləri mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında dedi. Qeyd etdi ki, həyata keçirilən yeniliklərin məqsədi müasir çağırışlara cavab verməkdir: "Mədəniyyət Nazirliyində yeni Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi təsis edilib. Eyni zamanda biz istəyirik ki, artıq layihəyönlü yanaşma, korporativ idarəçilik tətbiq edilsin, konkret məqsədlər və hədəflərə yönəlmiş bir idarəçilik olsun”.

Nazirin birinci müavini qeyd etdi ki, Mədəniyyət Nazirliyi sistemində üç əsas istiqamət üzrə islahatlar aparılmalıdır: “Birinci hüquqi islahatlardır ki, bəzi müəssisələrdə hüquqi status tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə müəyyən maneə törədir. İkinci istiqamətdə struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunların ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. Bu yaxınlarda razılaşdırma prosesini yekunlaşdıracağıq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etmək və kadrların yetişdirilməsi. Eyni zamanda məqsəd həm də Azərbaycanın dünya kino səhnəsi kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı məkan olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir. Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir".

Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması haqqında məlumat verən Elnur Əliyev hazırda bu sahədə işlərin davam etdirildiyini və məsləhətləşmələrin aparıldığını söylədi: “Təxminən, prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların fəaliyyətinə uyğun olaraq əməkhaqqının təmin edilməsidir”.

NURƏDDİN