TÜRKSOY tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və böyük türk şairi və mütəfəkkiri Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə Türkiyədə təşkil olunan silsilə konsertlər noyabrın 20-də Antalyada, AKM Aspendos Salonunda yekunlaşıb.

Sənətsevərlərin böyük marağına səbəb olan konserti TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstan Respublikasının Türkiyədəki səfiri Kubanıçbek Ömuraliyev, Antalya Böyükşəhər Bələdiyyə sədrinin müavini Durmuş Ali Aslan, digər rəsmilər və qonaqlar izləyiblər.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən tanınmış vokalçı və instrumental ifaçıların iştirakı ilə təşkil olunan konsertlərdə üç kollektiv – Trakya Universiteti Balkan Simfonik Orkestri, Bursa Regional Dövlət Simfonik Orkestri və Antalya Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrlərə Özbəkistandan Alibek Kabdurahmanov, Türkiyədən Eray İnal və  Ahmet Hamdi Zafer dirijorluq edib.

İlham Nəzərov (kontratenor, Azərbaycan), Xosrov Hakan Amiri (tenor, Azərbaycan), Nazım Sagıntay (soprano, Qazaxıstan), Tair Tajigulov (bas, Qazaxıstan), Aybek Saralaev (tenor, Qırğızıstan), Ayzirek Momunova (soprano, Qırğızıstan), Nosir Yusupov (bariton, Özbəkistan), Nilgün Kızılcı (müğənni, Türkiyə), Çinarə Heydərova (qanun ifaçısı, Azərbaycan), Akerke Tajibayeva (kıl kopuz, Qazaxıstan), Saliya Emilbekova (komuz, Qırğızıstan), Bekzod Turaev (ney, Özbəkistan) və Süleyman Yardım (ney, Türkiyə) ifaları ilə musiqisevərlərin rəğbətini qazanıblar.

Qeyd edək ki, TÜRKSOY-un Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli” və Türkiyədə qeyd olunan “Yunus Əmrə İli” münasibətilə təşkil etdiyi konsert turu noyabrın 15-də Ədirnə şəhərində başlamış, Təkirdağda davam etmiş, daha bir möhtəşəm konsert proqramı noyabrın 18-də Bursada təqdim olunmuşdu.

Mehparə SULTANOVA
Ankara