Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanın media təmsilçilərinin ölkəmizə səfəri təşkil edilib.

Mediaturda qalampir.uz, darakchi.uz xəbər portallarının, Özbəkistan-Türkiyə birgə layihəsi olan “Özbekistanhaber” informasiya portalının jurnalistləri, “Siyasət” jurnalının redaktorları və blogerlər iştirak ediblər. Onlar və təmsil etdikləri media vasitələri Azərbaycan həqiqətlərinin təbliği işində, o cümlədən Vətən müharibəsi zamanı AMM ilə əməkdaşlıq edərək ölkəmizə yaxından dəstək göstəriblər.

Özbəkistanın media təmsilçiləri 21-22 noyabr tarixlərində Füzuli və Şuşa rayonlarında olub, materiallar hazırlayıb, müsahibələr götürərək çəkilişlər aparıblar.

AMM-in direktoru Samir Abbasovun müşayiət etdiyi heyətə Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi vandalizm, tarixi-mədəni və dini abidələrin məhv edilməsi, habelə 2020-ci ildə 44 günlük müharibə nəticəsində azad edilən ərazilərdə aparılan quruculuq işləri haqqında məlumat verilib.

Qeyd edək ki, layihəyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Yazıçılar Birliyi dəstək göstərir.

Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada bir sıra tarixi abidələri ziyarət ediblər. Qonaqlar Azərbaycan Televiziyasının “Körpü” verilişinin Şuşanın Qala qapıları yanında hazırlanan xüsusi çəkilişində də iştirak edib, Türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı fikirlərini bölüşüblər.

Özbəkistanlı qonaqlar səfər çərçivəsində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda (24-26 noyabr) da iştirak edəcəklər.